Bakı Metropoliteni: Keçmişdən gələcəyə uzanan 58 illik tarix

Bakı Metropoliteni 58 illik tarixi boyunca paytaxtın nəqliyyat infrastrukturunun ayrılmaz hissəsinə çevrilib. Bu illər ərzində metropoliten yalnız şəhər sakinlərinin deyil, həm də qonaqların rahat və təhlükəsiz hərəkətini təmin edib.
İnşaatın başlanğıcı
1949-cu ildə əsası qoyulan “Baştunelmetrotikinti” idarəsi Bakı metropoliteninin yaradılmasında ilk istiqaməti müəyyən edib. Qısa zamanda Moskvanın “Metrodövlətnəqliyyatlayihə” insitutunun “Bakımetrolayihə” filialı fəaliyyətə başlayıb və şəhərin "yeraltı dünyası"nın xəritəsi çəkilib. İnşaatçılar ağır şəraitdə, amma böyük həvəslə gecə-gündüz çalışıblar.
Müəyyən fasilədən sonra görülən işlər davam etdirilib və nəhayət, 1966-ci ildə tərkibində 6 xidmət olmaqla, Yaxın Şərqdə ilk, postsovet məkanınıda isə beşinci metropoliten – Bakı Metropoliteni yaradılıb.
1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin “İçərişəhər” (keçmiş “Bakı Soveti”), “Sahil” (keçmiş “26 Bakı Kommisarı”), “28 May” (keçmiş “28 Aprel”), “Gənclik” və “Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xətt istifadəyə verilib.
Bakı metrosunun sonrakı inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə metronun Qırmızı xətt üzrə altıncı - "Ulduz” stansiyası açılıb. Sonrakı illərdə metropolitenin xəritəsinə bir-birinin ardınca yeni stansiyalar əlavə edilib. Bu gün ümumi uzunluğu 40.7 km olan metropoliten 3 xətdən, 27 stansiyadan ibarətdir.
Keçən illər, təkcə yeraltı xətlərin deyil, həm də Bakı sakinlərinin gündəlik həyatında müasirliyin, inkişafın və rahatlığın başlanğıcını simvolizə edib.
Davamlı inkişaf və rəqəmsal transformasiya
Son illər metropoliten sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi, xüsusilə hərəkətin təşkili, əməliyyat sistemləri və təhlükəsizlik sahələrində əhəmiyyətli irəliləyişlərə nail olunub. Bakı metrosu 2023-cu ildən başlayaraq rəqəmsal və innovativ texnologiyalarla yeni bir mərhələyə qədəm qoyub.
2023-cü ilin dekabr ayından etibarən metropolitenin bütün stansiyalarında QR bilet ödəniş sisteminin tətbiqi ilə sərnişinlərə daha rahat və müasir ödəniş sistemi təqdim olunub.
2024-cü il Bakı metropoliteni üçün sanki gələcəyə açılan pəncərə olub. Həmin il 35 müasir vaqondan ibarət yeni nəsil qatar xəttə buraxılıb. Bu qatarlarda tətbiq edilən müasir texnologiyalar sərnişinlərə səfərləri daha təhlükəsiz və rahat hiss etdirib.
2025-ci ildə Bakı Metropoliteni bir sıra mühüm layihələr icra edib. Bu yeniliklər həm texniki, həm də xidmət sahəsində ciddi dəyişikliklərə səbəb olub. Cari ilin may ayında fəaliyyətində mühüm yenilik edilən Bakı metropolitenində son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub. Belə ki, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, “28 May-Əhmədli” sahəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər endirilib. Bu istiqamətdə işlər davam etdirilib və sentyabr ayında metropoliten tarixində ilk dəfə pik saatlarda 34 cüt qatarın xəttə buraxılması ilə interval 1 dəqiqə 45 saniyə təyin olunub.
Bundan başqa, bu il xidmət keyfiyyətinin daha da artırılması məqsədilə Bakı metropoliteninə 30 yeni nəsil vaqon (6 qatar tərkibi) gətirilməklə qatar parkı genişləndirilib. Sərnişin məmnuniyyətinin yüksəldiməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi, Bakı Metropolitenində 964 Əlaqə mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınaraq müvafiq qaydada yönləndirilir.
Ümumilikdə, sərnişin tələbatının qarşılanması məqsədilə xətlər üzrə qatarların hərəkət intervalı azaldılıb, Bənövşəyi xətdə qatarlararası interval ilk dəfə 5 dəqiqəyədək endirilib.
2025-ci ilin əsas yeniliklərindən biri də Bakı metropolitenində gedişhaqqının ödənilməsini daha da asanlaşdıran NFC dəstəkli bank kartları, həmçinin “Apple Pay” və “Google Pay” vasitəsilə sərnişinlərə daha rahat və sürətli keçid imkanının yaradılmasıdır. Ümumən görülən işlər gələcək illərdə Bakı metrosunun daha innovativ, dayanıqlı və sərnişin yönümlü nəqliyyat vasitəsinə çevriləcəyinə əminlik yaradır.
Metropolitenin hərəkət gücü
Paytaxt mobilliyinin təmin olunmasında mühüm rola malik bu nəqliyyat sistemi yalnız qatarlardan və stansiyalardan ibarət deyil, onun arxasında dayanan böyük bir komanda var. Mühəndislər, maşinistlər, stansiya nəzarətçiləri, təmizlik və texniki işçilər metropolitenin gündəlik fəaliyyətində həlledici rol oynayır. Onlar hər gün yüzlərlə sərnişinin rahatlığı üçün səssiz, amma böyük işlər görürlər.
Bu əməkdaşların fədakar işi sayəsində metropoliten hər gün minlərlə insanın təhlükəsiz və rahat səfərini təmin edir. Bakı metropoliteninin zəhmətkeş kollektivinin əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixili Fərmanına əsasən Metropoliten İşçilərinin Peşə Bayramı Günü təsis olunub.
Dayanıqlı inkişaf və gələcək hədəf
Bakı Metropoliteni yalnız bu günün deyil, həm də gələcəyin nəqliyyat sistemidir. Bakı metrosunun inkişafı istiqamətində qarşıda böyük strateji hədəflər durur – metro yeni bir yola doğru addımlayır. 2025-2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər təkcə metronun genişlənməsi deyil, həm də sərnişinlər üçün xidmət səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət edir. Bu istiqamətdə yeni stansiyaların inşası, mövcud infrastrukturun müasirləşdirilməsi, əlavə vaqonların alınması, yeni depo tikintisi və enerji təminat sistemlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Hazırda layihə adı “B-04” olan stansiyada inşaat işləri növbəti mərhədə davam etdirilir, 10 yeni stansiyanın layihələndirilmə işləri isə yekunlaşmaq üzrədir və müvafiq plana əsasən onların vaxtında tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.
2027-ci ilədək “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni stansiyaların tikintisi, xətlərin şəhərin daha uzaq ərazilərinə qədər genişləndirilməsi metronu, sadəcə, nəqliyyat vasitəsi deyil, həm də şəhərin ritmini daşıyan gələcəyə hazır bir mərkəzə çevirir. Hər bir yenilik sərnişinlərin rahatlığı, təhlükəsizliyi və şəhərin dayanıqlı inkişafı üçün atılan uğurlu bir addımdır.
Bugünün imkanları, sabahın perspektivləri, gələcəyin rahatlığı
Bu gün metro minlərlə insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Sabah isə genişlənmiş xətlər və yeni stansiyalar ilə daha çox sərnişinə xidmət göstərəcək, şəhərin uzaq nöqtələrini birləşdirəcək və hərəkət imkanlarını artıraraq daha böyük vizyonu əhatə edəcək.
Bakı Metropoliteni keçmişdən gələcəyə uzanan bir yol kimi, bugünün imkanlarını sabahın perspektivləri ilə birləşdirərək gələcəyə daşıyır.