...Onunla görüşə ciddi hazırlaşmışdım, amma bütün “planlarım” pozuldu. Həmsöhbətimə verəcəyim suallar dilimin ucunda asılı vəziyyətdə, düşündüyüm jurnalist “fəndləri” beynimdə donub qaldı. Şəhid anası Alidə Hüseynova oğlu Sənanın ömür hekayətini danışarkən əvvəlcə həyəcandan kövrəldim, amma sonra həyəcanımı qürur və fəxarət hissləri əvəz elədi.
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Şəhid anasını dinləyərkən qeyri-ixtiyarı Himnimizin bu misralarını xatırlayırdım. Qəhrəman oğlunun ömür hekayətini danışarkən səsi hərdən titrəsə də, danışığı məntiqli, sərrast, kəlmələri dolğun və tutarlı idi. Azərbaycana Zəfəri qazandıran 44 günlük Vətən müharibəsində şərəflə döyüşərək şəhid olmuş Azərbaycan Ordusunun çavuşu Sənan Hüseynovun anası Alidə xanımla baş-başayıq.
Yeganə oğul övladını Vətən yolunda qurban verən ananın içi paramparça olsa da, gözlərində məlum yanğının közü və bir də qürurun yandırdığı işıq görünür. Alidə xanım danışır:
– Sənan evimizin tək oğul övladı idi. Bir bacı, bir qardaş olublar. Uşaqlıqdan çox fərasətli, mərd idi, hər işdə birinci olmaq istəyirdi. Əslimiz Füzulidəndir. Yurdumuzu erməni işğal edəndən sonra məcburi köçkün olduq, ailəliklə Bakının Xəzər rayonu Binə qəsəbəsində məskunlaşdıq. Sonra mən Qazaxıstanın Aktau şəhərində yaşayan dayım oğlu ilə ailə qurdum. Sənan orada dünyaya gəldi və 4-cü sinfə qədər rus məktəbində təhsil aldı. Daha sonra ailəliklə yenidən Binə qəsəbəsinə qayıtdıq və Sənan təhsilini buradakı 149 saylı orta məktəbdə davam etdirdi. Görmədiyi doğma yurduna sevgisi uşaqlıqdan onun ürəyində idi. 2014-cü ildə hərbi xidmətə çağırıldı, kəşfiyyatın sirlərinə yiyələndi. 2016-cı ilin aprelində hərbi xidmətini başa vurub evə qayıtmalı idi. Onu aprelin 1-də gözləyirdik ki, gəlsin, ad gününü birlikdə qeyd edək. Amma zəng vurub ayın axırı gələcəyini bildirsə də, niyəsini demədi. Bizim narahat olmağımızı istəməmişdi.
Aprelin 2-si səhər yuxudan oyananda eşitdim ki, Qarabağda döyüşlər gedir. Sənan ön cəbhədə döyüşdü və sağ-salamat qayıtdı. Aprel döyüşlərinin iştirakçısı olduğuna görə sevincinin həddi-hüdudu yox idi. Amma o zaman heç düşünməzdim ki, taleyin sərt sınağı hələ qarşıdadır. 2020-ci il sentyabrın 21-də hərbi çağırışa sevə-sevə getdi. Doğrudur, Vətən müharibəsinin başlanmasına hələ bir həftə qalmışdı. Sənan cəbhəyə yola düşəndə gözümün içinə dik baxıb “Ana, narahat olma, bu torpaqlar bizim olmalıdır!”, - dedi. Həmin an oğlumun baxışlarında qorxu yox, qürur gördüm.
...Sənan Hüseynov sentyabrın 27-dən, Vətən müharibəsinin ilk günündən Füzulidə Qaraxanbəyli istiqamətində hərbi əməliyyatda ön cəbhədə vuruşur. Ağır döyüşlərdə hərbi hissə komandirindən tutmuş əsgərinə kimi hamı həlak olur, amma Sənanla birlikdə 4 əsgər döyüşdən sağ çıxır. “Haradan biləydim ki, bir neçə gündən sonra Sənan da şəhidlik zirvəsinə ucalacaq”, - deyən Alidə xanım dərindən köks ötürür. Titrək səslə onun üçün bu barədə danışmağın çox çətin olduğunu deyir. Biz təkid eləmirik, amma özü davam edir:
– Müharibə vaxtı tez-tez zəng edirdi. Səsində, sözündə bir an belə qorxu hissi keçirdiyini duymadım. Hər dəfə belə deyirdi: “Ana, qorxmalı nə var ki. Torpağımızı düşməndən azad edirik, Vətən üçün vuruşuruq. Qarşımızda iki yol var – ya şəhid olmaq, ya da sağ-salamat qayıtmaq. Qismətimizə hansı yazılıbsa, o da olacaq. Mənə görə narahat olmayın”. Sənan həqiqətən igid oğul idi. Cəbhə yoldaşları danışırlar ki, Sənan döyüşdə həmişə irəli can atıb, son nəfəsinə qədər döyüşüb.
...Alidə xanımla görüşənədək mənə elə gəlirdi ki, hər sabah Günəş doğanda kədər şəhid analarının qapısını döyür, qaranlıq düşəndə isə zaman və məsafə onlardan uzaqlaşır. Və onlar gecələr gizlincə için-için ağlayırlar. Amma düşündüyüm kimi deyilmiş.
Qələbə soraqlı o günləri hamımız xatırlayırıq. Hər axşam ekrana dirənib cəbhə xəbərlərinə qulaq kəsilirdik. Hər gün neçə kəndimiz, yüksəklik yağı tapdağından azad olunurdu. Şəhid anası o günləri unutmayıb:
– Mən hər dəfə televizorda o xəbərləri eşidəndə elə bilirdim, Sənan da oradadır. Sonra bir gün qapımız döyüldü. O dəhşətli sükut, o baxışlar və qara xəbərin gətirdiyi soyuq külək… Həmin an dondum, ürəyim dayandı, amma gözlərim ağlamadı. Sözsüz, izahsız anladım – Sənanım şəhid olub. Yeganə oğlum canını Vətən yolunda fəda etdi. Mənə “ana” deyən dili sussa da, adı göylərə ucaldı.
Daşaltı və Şuşa istiqamətində gedən döyüşlərin birində düşmən onların postunu görmüş və mina atmışdılar. Sənan həmin partlayışdan yaralanıb, bir-iki saat huşsuz vəziyyətdə qalıb. Qəlpələrdən biri ürəyinə toxunmuşdu. Digər yaraları onu öldürə bilməzdi. Amma o qəlpə oktyabrın 8-də Sənanı şəhidlik zirvəsinə qaldırdı. İndi o, Tanrıya ən yaxın, uca məqamdadır.
...O gündən Binə məzarlığında şəhidlər üçün ayrılan məkan Alidə xanımın doğma ünvanına çevrilib. Orada uyuyan 26 şəhiddən biri onun oğludur. Söhbətin bu yerində baxışları çox uzaqlara gedir və pıçıltı ilə danışır:
– Hər dəfə məzarlığa gedəndə torpağın altından bir istilik duyuram. Elə bil, Sənan mənim əlimdən tutur və deyir: “Ana, ağlama, mən buradayam”. Hərdən mənə elə gəlir ki, əsən meh onun nəfəsi, dalğalanan üçrəngli bayraq isə ruhudur. Sənan ölməyib, aldığım hər nəfəsimdə yaşayır. Bəzən soruşurlar ki, bu dərdə necə dözürsən? Mən isə deyirəm: Ana dözmür – Vətən dözür. Bəli, içim göynəyir, yanır, amma o yanğının içində bir təsəlli nuru var. Fəxr edirəm ki, oğlum Vətəni, doğma torpağı üçün canını verdi, indi onun adı Vətənlə yanaşı çəkilir. Mən oğlumu itirmədim, mən onu Vətənə qazandırdım..
Müharibədən bir neçə il əvvəl sosial şəbəkədə bir paylaşım etmişdi. Bacısı onu saxlayır. Yazmışdı ki, “Mən o şəxsəm ki, çoxdan yazılmışam, amma hələ oxunmamışam”. Həqiqətən də, Sənanın taleyi şəhid olandan sonra yazıldı və indi onu qədirbilən xalqım oxuyur. Anım Günündə ziyarətinə gələn dostları, cəbhə yoldaşları Sənanın qəhrəmanlığından danışırlar. Oğlum ölməyib, bu gün onun ruhu canından çox sevdiyi Vətənin azad torpağını rahat dolaşır və sevinir.
...Səsyazanın düyməsini sıxıb, ayağa qalxanda içimdə qəribə rahatlıq hiss elədim. Bu, şəhid anasının içimi yansıdan, amma qəlbimi qürurla dolduran oğul hekayətinin gətirdiyi rahatlıq idi. Oğlunu bayrağa bənzədən Alidə xanımın əllərini sıxıb ayrılanda beynimdən Əhməd Cavadın Vətən sevgisindən yoğrulmuş bu misrası keçdi:
Üçrəngli bayrağınla məsud yaşa!
Sənan Vidadi oğlu Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında hərbi tapşırıqları şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Nurəngiz ADİLQIZI


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ANAR ƏHMƏDOV: "İBLİSİN ÖVLADLARI"
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb