lider-media.az

Masallıda özünüməşğulluq proqramı üzrə şəhid ailəsi və müharibə veteranları üçün qurulmuş təsərrüfatlara mediatur təşkil olunub

Baxış: 23141 Tarix: 31-10-2025, 15:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara növbəti mediatur təşkil edib. 

Jurnalistlər bu dəfə proqramın dəstəyi ilə Masallı rayonunda şəhid ailəsi və müharibə veteranları üçün qurulmuş kiçik təsərrüfatlarla tanış olublar.

Onlara tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.  

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 27,8 min şəxsin məşğulluğu təmin edilib, onlardan 13,3 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb, 13,2 min şəxs isə münasib işlərlə təmin edilib. Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 1,3 min şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub.    

Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Qulamhüseyn Mirzəyevin xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin olunaraq kiçik foto atelyesini yaradıb.  

Jurnalistlər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səməndər İsgəndərovun atası Vahid İsgəndərov və müharibə veteranı Ədalət Məmmədov üçün yaradılmış kiçik təsərrüfatlarla da tanış olublar. Özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin edilərək V.İskəndərov avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, Ə.Məmmədov isə avtotəmizləmə xidmətləri istiqamətləri üzrə öz kiçik biznes sahələrini qurublar.

Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi