ADU-da Belarus Dili və Mədəniyyəti Mərkəzi açılıb
Mayın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, öncə Azərbaycan və Belarus respublikalarının Dövlət himnləri səsləndirilib. Belarus Respublikası haqqında tanıtım çarxı izlənilib. ADU tələbələri Belarus dilində şeirlərlə qonaqları salamlayıblar.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla universitetdə Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılmasının hər iki ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu gün tarixi bir gündür. Azərbaycan Dillər Universitetində Belarus Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması yeni elmi, mədəni əlaqələrin qurulması, inkişafı və gələcək uğurların təməli deməkdir. Belarus mədəniyyəti, dili, ədəbiyyatı dünya irsinin ən zəngin sahələrindən biri hesab olunur. İnanıram ki, əlaqələrimizin inkişafında və gələcək uğurlarımızın əldə olunmasında Belarus Dili və Mədəniyyəti Mərkəzinin böyük rolu olacaq. Minsk Dövlət Linqvistik Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi də öz üzərinə düşən missiyanı son dərəcə uğurla həyata keçirir”.
Bakı Yeparxiyasının İctimai təşkilatlarla əlaqələr üzrə şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev mərkəzin açılması münasibətilə hər kəsə uğurlar arzu edib.
Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor Natalya Yevqeniyevna Lapteva Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılması münasibətilə hər kəsi təbrik edib. Qeyd olunub ki, ADU-da Belarus Dili və Mədəniyyəti Mərkəzinin açılması universitetlərin elmi-pedaqoji fəaliyyətinə öz töhfələrini verəcək və iki ölkənin mədəni-humanitar sahədə əməkdaşlığına müsbət təsir göstərəcək.
Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri professor Ziyad Səmədzadə bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə Azərbaycanla Belarus arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərəçarpacaq dərəcədə fəallaşır.
Belarus Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi İvan Xlebakazov yaradılan şəraitə və səmimi qarşılanmaya görə universitet rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirib.
Belarus dili və mədəniyyəti mərkəzinin rəhbəri professor Məmməd Əliyev qeyd edib ki, ölkələr arasında humanitar, iqtisadi, siyasi əlaqələr sürətlə inkişaf edir. Bu da yeni perspektivlərin və əməkdaşlıq münasibətlərinin yaranması üçün olduqca əlverişli amillərdən biridir.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov və səfirliyin müşaviri Pyotr Volokovıx mərkəzin fəaliyyətinə uğurlar arzu ediblər.
Sonra Mərkəzin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.