Sağlam ailə - cəmiyyətin təməl daşı, dövlətin sütunudur
Ailə sosial birliyin ilkin elementi olduğu üçün şəxsiyyət-cəmiyyət münasibətlərinin vasitəçisi qismində çıxış edir. Bunun sayəsində ailə özündə ictimai əlaqələrin bütün sistemlərini – nigah və qohumluq, hüquqi və siyasi, iqtisadi, etnik və psixoloji amilləri birləşdirərək kiçik bir dövlətə çevrilir. Cəmiyyətin təməl daşı sayılan ailənin özülü nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər güclü və sağlam olar. Ona görə də ailələrin hərtərəfli inkişafını təmin etmək üçün hər bir dövlətdə, eyni zamanda beynəlxalq miqyasda tədbirlər görülür.
1993-cü ildən BMT Baş Assambleyasının qərarı ilə 15 May - hər il dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan bu beynəlxalq tədbirə 2008-ci ildən qoşulub. Müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailə problemlərinə cəlb etmək istəyən BMT Baş Assambleyasının məqsədi ailələrin vəziyyətinə təsir edən sosial-iqtisadi və demoqrafik proseslər haqqında bilikləri dərinləşdirməkdir.
BMT-nin yanaşmasına görə, bir ailənin fundamental hüquqları pozulduqda, onların üzvü olduğu bütün bəşər ailəsinin birliyi təhlükə altına düşür. Cəmiyyətin əsas institutlarından biri kimi insanın sosiallaşmasının ilk mərhələsi olan ailə birliyi ətraf mühitlə bərabər inkişaf edir, zamanın tələblərinə özünəməxsus şəkildə uyğunlaşaraq dəyişir, sosial tələblərə cavab verir və özünü formalaşdırır.
Azərbaycanda ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirən ulu öndər deyib: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Bu baxımdan da respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkədə ailələrin sosial problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit olunmuş və dövlətin himayəsində olduğu qeyd edilmişdir. Bununla da dövlət ailənin qorunmasına, onun sosial quruluşunun və nüfuzunun müdafiəsinə təminat vermişdir.
Ölkəmizdə ailələrin sağlam əsaslar üzərində qurulması üçün dövlətimiz tərəfindən məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər də bu tədbirlərdəndir. Belə ki, Ailə Məcəlləsinə edilən dəyişikliklər əsasında qızlar və oğlanlar üçün nigah yaşının 18-ə qaldırılması, nigahdan əvvəl gənclərin məcburi tibbi müayinədən keçməsi ailə üzvlərinin sağlamlığına, xüsusilə də ana və uşaqların sağlamlığının mühafizəsinə, həmçinin gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir.
Ümummilli lider Heydər Əliyevin dövlət ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət ölkəmizdə ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, əhalinin məşğulluğunun təmin olunması və sağlamlığının qorunmasına, uşaq və yeniyetmələrin hərtərəfli inkişafına, eyni zamanda güclü nəsil kimi formalaşmasına xidmət edir.
Dövlətimiz tərəfindən görülən bu işlər cəmiyyətin əsas sütunu olan ailələrin rifah halının gündən-günə daha da yaxşılaşdırılmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir. Xalqımızın dəyərlər sistemi haqqında daim yüksək fikirdə olan Prezident İlham Əliyev deyib: “Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”.
Bu illər ərzində "Nəsillər arasında sosial inteqrasiya və həmrəyliyin təşviq edilməsi", "Ailələrin və bütövlükdə cəmiyyətin rifahı naminə iş və ailə öhdəlikləri arasında tarazlığın təmin edilməsi", "Aztəminatlı uşaqların problemlərinin həlli", "Miqrasiyanın bütün dünyada ailələrə təsiri", "Ailələr və əlillər", "İİV və QİÇS-in ailənin rifahına təsiri", "Müasir ailələrdə gender bərabərliyi və uşaq hüquqları", "Ailə, sağlam həyat tərzi və davamlı gələcək", "Ailə, təhsil və rifah", "Ailə və inklüziv cəmiyyət", "Ailələr və iqlim dəyişmələri ilə mübarizə tədbirləri", "Ailə və yeni texnologiyalar", "Ailələr və urbanizasiya", "Demoqrafik meyillər və ailələr" mövzusunda tədbirlər keçirilib.
Beynəlxalq Ailə Günü ilə əlaqədar olaraq təşkil olunan Ailə Bayramı ölkəmizdə də yüksək səviyyədə qeyd edilir. Dövlətin ailə siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bayram tədbirləri bölgələrin milli mətbəxini əks etdirən əl işlərinin nümayişi ilə yanaşı, həm də ailələr arasında müxtəlif intellektual oyunları ilə müşayiət olunur.