Aqrar Sığorta Fondu Çəltik və Düyü Festivalında iştirak edib
Azərbaycanda çəltik sahələrini Aqrar Sığorta Fondu tərəfindən dövlət dəstəkli aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.

Aqrar Sığorta Fondu Çəltik və Düyü Festivalında iştirak edib
Azərbaycanda çəltik sahələrini Aqrar Sığorta Fondu tərəfindən dövlət dəstəkli aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür. Bu barədə sentyabrın 29-da Masallı rayonunda keçirilən Çəltik və Düyü Festivalı və toxum sərgi-satış yarmarkasında məlumat verilib.
Festival çərçivəsində Masallı rayonunda çəltikçilik sahəsində görülən işlər təqdim olunub çəltik əkini və biçini üçün istifadə olunan müasir texnikalar və düyüdən hazırlanan müxtəlif məhsullar nümayiş etdirilib.
Tədbirdə Aqrar Biznes Festivallarının ənənəsinə uyğun olaraq dövlət qurumları tərəfindən aqrar sahə ilə bağlı müxtəlif xidmətlər və aqrar sığorta məhsulları təqdim olunub.
Festivalda iştirak edən fermerlər Aqrar Sığorta Fondunun təqdim etdiyi aqrar sığorta məhsullarına böyük maraq göstəriblər. Fondun Cəlilabad regional filialının rəhbəri Rafət Əsgərov məlumat verərək bildirib ki, aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondu ümumilikdə 41 bitkini sığorta edir kİ, buraya tarla bitkiləri, tərəvəz və bostan bitkiləri, meyvə bağları, texniki bitkilər və sair aiddir.
Tədbirdə bildirilib ki, cənub bölgəsinin populyar bitkisi olan çəltik sahəsinin sığortası olduqca sərfəlidir, belə ki, 1000 manatlıq çəltik məhsulunun sığortası fermerlərə cəmi 5,7 manata başa gəlir. 1000 manatlıq buğda və ya arpa məhsulunun sığortası üçün isə 6,7-8,3 manat ödəniş tələb olunur.
Festivalda fermerlərə bütün sığorta məhsulları və təminata götürülən hadisələr haqqında geniş məlumat verilib.
Fermerlər heyvandarlıq sığortasına da maraq göstəriblər – onlara bildirilib ki, heyvanların sığortalanması olduqca sərfəli şərtlərlə həyata keçirilir – 300 manatlıq qoyun-keçinin sığortalanması ildə 7 manata, 1000 manatlıq inəyin sığortası isə fermerə cəmi 24 mana başa gəlir.
Xatırladaq ki, fəaliyyətə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə ümumilikdə 18 milyon manata yaxın sığorta ödənişi edilib və bu məbləğ hər gün artmaqdadır.







