5 oktyabr Ümumdünya Memarlıq Günüdür

Ümumdünya Memarlıq Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis olunub. Hər ilin oktyabr ayının ilk bazar ertəsi memarların peşə bayramı beynəlxalq səviyyəsində qeyd edilir.
Ölkəmizdə də bu gün xüsusi qeyd olunur. Davamlı və dinamik inkişaf edən Azərbaycanda memarların üzərinə böyük məsuliyyət düşür. Vurğulamaq istərdim ki, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Bakı şəhəri ilə yanaşı, bölgələr də öz simasını dəyişir. Bu dəyişikliklərin estetik konturlarını isə məhz memarlar cızır. Eyni zamanda, tarixi abidələrin bərpası işinin geniş coğrafi məkanda həyata keçirilməsi də memarlar üçün böyük yaradıcılıq meydanı yaradır.
Ümumiyyətlə isə Azərbaycan memarlığı qədim tarixi köklərə malikdir. Hələ ötən əsrlərdə Azərbaycanda daha çox Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışırdılar. O dövrdə də Azərbaycanın milli memarlıq kadrları var idi. Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda və Şamaxıda çoxlu sayda tarixi binalar inşa edilib.
XX əsrin sovet dövründə də Azərbaycanın kifayət qədər tanınmış dünya şöhrətli memarları olub. Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar. Demək olar ki, Bakıda elə bir guşə yoxdur ki, orada Mikayıl Useynovun əsəri ucalmasın. Fikrimcə, onun əsərləri XX əsr Azərbaycan memarlığı üçün ən uğurlu əsərlərdən olub. Xatırladım ki, o dövrdə də memarlıq sənətinə kifayət qədər ciddi diqqət göstərilirdi.
1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərindən biri də memarlıq və şəhərsalma məsələləri olub və bu ənənə bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
MDB ölkələrindən ilk dəfə olaraq, Beynəlxalq Memarlar İttifaqının Şurasına Azərbaycan Memarlar İttifaqının sədri üzv seçilib. Mən bu gün Beynəlxalq Memarlar İttifaqının üzvüyəm. Hesab edirəm ki, bu, Azərbaycan memarlığının böyük bir müvəffəqiyyətidir.