lider-media.az

Bu gün yay öz yerini payız fəslinə verəcək

Baxış: 21464 Tarix: 22-09-2025, 11:47

   

   

     Bir neçə gündür ki, ölkəmizin hər bir guşəsində  payızın ətri duyulur. Güclü külək əsir, leysan yağışlar, dağlığ ərazilərə qar yağır. Sakit-sakit yağan narın yağışlar yayın cırhacır istisindən canını qurtarmış ağacların yarpaqlarını yuyur.  Payızın gəlişi ilə təbiət sanki yeni bir libas geyinir. Ağacların yarpaqları saralır, sonra qırmızıya, narıncıya boyanır. Küçələrdə, bağlarda, parklarda xəzəl yavaş-yavaş yerə səpələnir, addımların altında xışıltı ilə səs salır. Bu səs insana həm bir rahatlıq, həm də qəribə bir hüzün bəxş edir. Dünənə qədər cürbəcür meyvələrlə dolun olan yaşıl ağacların torpaq tökümü başlayıb. Ağacların altı iki-üç günün ərzində qızılı rəngli xalçaya bənzəyir. Saralmış yarpaqlar küləyin qanadında rəqs edir. Qızılı rəng almış yarpaqlar anbaan budaqlardan üzülür, torpağa düşür. Heç payız fəslində yarpaqların budaqlarından qoparaq naz edə-edə torpağa düşdüyünə diqqət yetirmisinizmi?! Olduqca əsrarəngiz bir mənzərədir. Tamaşa etməyə göz istər... 

Payız şıltaqlığı da sevir.Tez-tez dəyişir. Səhərlər sərin, günəş isə daha mülayim olur. İnsan ürəyində qəribə bir sakitlik, bir az da kədər yaranır. İlk sərin külək əsəndə, havada bir dəyişiklik duyulanda anlayırsan ki, fəsillərin qızılı çağı qapını döyür. Payız yalnız təbiətin deyil, insanın da qəlbinə toxunur. İnsan bu fəsildə daha çox düşünür, xatirələrə dalır, bəzən nostaliji hisslər ilə kövrəlir. Pəncərəyə dəyən yağış damcıları sanki içindəki hisslərə tərcüman olur. Hər damcı bir səs, bir duyğu kimi qəlbi silkələyir.

Ancaq bütün bu gözəlliyin içində bir ayrılıq da gizlənib. Yarpaqlar ağacdan qopduğu kimi, günəş də yavaş-yavaş uzaqlaşır, günlər qısalır, gecələr uzanır. Lakin bu ayrılıq bir son deyil, sadəcə yeni bir başlanğıcın xəbərçisidir. Çünki hər payızın ardınca bir qış, hər qışın ardınca isə yenidən bir bahar gəlir. Bu fəsli bizim üçün əvəzsiz edən bir səbəb də var.  Payız həm də toylar ayıdır. Sevən ürəklərin vüsala yetişdiyi, həsrətə son qoyulduğu, elimizin qədim adəti olan toylarımız payızda daha çox olur. Payız ilin dörd fəsli arasında ən duyğusal olanıdır. Bu fəslin gəlişi ilə təbiət sanki yavaş-yavaş yuxuya gedir. Küləyin gətirdiyi sərinlik insanın qəlbinə də toxunur, ona həm sakitlik, həm də bir az kədər bəxş edir. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənubda isə yaz fəsli başlayacaq. Payız fəslini 89 gün 20 saat 43 dəqiqə 45 saniyə duyacağıq.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi