“Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına
Tarixi zəfərimizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində geniş bərpa və quruculuq işlərinə başlanmış, minlərlə insan öz doğma yurdlarına qayıtmışdır. Baş vermiş bütün faciələrə baxmayaraq, Azərbaycan hər zaman sülh gündəliyinin tərəfdarı olmuş, bu istiqamətdəki səylərimiz cari ilin 8 avqust tarixində Vaşinqtonda sülh sazişinin paraflanması ilə nəticələnmişdir.
Hörmətli konfrans iştirakçıları,
Dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür. Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar. Sizə bu şərəfli missiyada uğurlar arzu edirəm.
Əminəm ki, hazırkı tədbir prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsi, ümumi çağırışların müəyyən edilməsi və onların birgə həlli yollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın güclənməsi məqsədlərinə töhfə verəcəkdir.
Sizi Azərbaycanda bir daha salamlayır, konfransın işinə müvəffəqiyyətlər diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2025-ci il