21 sentyabr “Beynəlxalq Sülh günü” dür

Hər il 21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə dövlət, habelə vətəndaş cəmiyyəti qurumları və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. İlk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan etibarən hər il sentyabr ayının 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi keçirilirdi. Lakin BMT Baş Assambleyasının 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün sülhsevər ölkələrdə 21 sentyabr tarixində qeyd olunur.
BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etmək olub. Təbii ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən məfhumdur. Bu baxımdan, Beynəlxalq Sülh Gününün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Buna görə də cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, sülh arzulayan hər kəsin yardımına ehtiyac duyulur. BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə müraciətində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyə təminatdır.
Sülh naminə beynəlxalq səviyyədə aparılan fəaliyyətlər həyati əhəmiyyətə malik olsa da, hər yerdə qorunmur, müdafiə edilmir, milli münaqişələr daha da qloballaşır, coğrafiyası genişlənir, bütövlükdə bəşəriyyət üçün təhlükəli nəticələrə səbəb olur.

Dünyada sülhə çağırışlar edilirsə, dinc sakinlərin, qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir. Bu gün Azərbaycan qüdrətli və güclü orduya malikdir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən və beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində böyük işlər görür.