Antiterror əməliyyatı suveren dövlətimizin qüdrətini və qabiliyyətini dünyaya nümayiş etdirdi
Antiterror əməliyyatlarından iki il ötür

“Geosiyasi vəziyyətə gəldikdə,- bir halda ki, mənim çıxışım “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusuna həsr edilib, - əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var....O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi”. Bu fikirləri ötən il sentyabrın 6-da Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışındadeyib.

Bəli,Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.
44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası yeni reallıq formalaşdırıb. 2023-cü il sentyabrın 18-də terror aktı nəticədə 7 Azərbaycan polisi və bir mülki şəxs həlak oldu. Artan təhlükə və təxribatlara cavab olaraq, Azərbaycan ordusu sentyabrın 19-da Qarabağda konstitusiya nizamının bərpası üçün lokal antiterror əməliyyatına başladı. Əməliyyat rekord müddətdə-23 saat 45 dəqiqə müddətində həyata keçirildi. Əməliyyatın məqsədi regionda asayişin bərpasına və sabitliyə mane olan qanunsuz silahlı birləşmələrin məhvi, o cümlədən mina terroru və digər üsullarla tikinti işlərinin ləngiməsi və bölgədə normal həyatı pozanların məhv edilməsi olub.Antiterror əməliyyatı başa çatdıqdan sonra 20 sentyabr 2023-cü ildə tam atəşkəs haqqında razılıq əldə edildi. Ermənistanın bütün qoşunları və qeyri-qanuni birləşmələri silahı yerə qoyub mövqelərini tərk etdilər ki, bu da Azərbaycanın Qarabağda tam suverenliyini bərpası ilə nəticələndi. 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Odur ki, Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Bu gün fəxrlə söyləyə bilərik ki, Azərbaycan Ordusu dünyanın ən peşəkar ordularından biridir. Bunu Aprel döyüşlərində, Günnüt zəfərində, Tovuz döyüşlərində, Vətən müharibəsində, “Qisas” əməliyyatında, eləcə də 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirlərində də gördük. Tətbiq olunan əməliyyatlar nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəkliklər işğaldan azad olundu, düşmənin çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi və bu gün Qarabağın hər bir yerində şanlı üçrəngli bayrağımız dalğalanır. Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və əzmkarlığının göstəricisi oldu. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürülmüş, qarşı tərəfə məxsus 20 ədəd hərbi təyinatlı nəqliyyat vasitəsi, 30-dan çox 120 mm və 82 mm minaatan, 40-dan çox artilleriya qurğusu, bir ədəd tank, iki ədəd piyadanın döyüş maşını, 2 zenit-raket qurusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və xeyli sayda silah-sursat qənimət olaraq ələ keçirildi.
Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Xalqımız bu gün də bir yumruq kimi birləşib. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir. Zəfərimiz əbədidir!
Tarixin səhifələrinə qızıl hərflərlə yazılan Qarabağ zəfəri bugün hər birimizin qürur mənbəyidir. Hər zaman “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezident cənab İlham Əliyev dünyaya sübut etdi ki, Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə gedən deyil. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olunmasından ötən bir ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun həyata keçirdiyi antiterror əməliyyatı suveren dövlətimizin qüdrətini və ədaləti bərpa etmək qabiliyyətini dünyaya nümayiş etdirdi.
Lider-Media.az