lider-media.az

AMEA-da “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfrans keçirilib

Baxış: 2169 Tarix: 18-09-2025, 10:58

Sentyabrın 17-də AMEA-nın Əsas binasında “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfrans keçirilib.


Tədbir AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə baş tutub. Konfrans çərçivəsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil olunub.


Konfransı giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin ölkə başçısının “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamına əsasən keçirildiyini bildirib. Dövlət başçısının Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edildiyini söyləyən akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional bölmə və mərkəzlərində Üzeyir Hacıbəyliyə həsr olunan silsilə konfransların keçirildiyini, bir sıra nəşrlərin çap olunduğunu, məqalələrin hazırlandığını diqqətə çatdırıb. O, bu günlərdə akademik Zemfira Səfərovanın “Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq karyerası” adlı kitabının ingilis dilində işıq üzü gördüyünü deyərək, sözügedən nəşrin dahi bəstəkarın irsinin araşdırılması və dünyada tanıdılması istiqamətində böyük elmi-mədəni məxəz rolunu oynayacağını vurğulayıb.


AMEA rəhbəri Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət və musiqi tarixində oynadığı roldan bəhs edərək, onun “Sənsiz”, “Sevgili canan” kimi qəzəl incilərinə layiq musiqi əsərləri yaratdığını vurğulayıb. Qeyd edib ki, Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin, muğam və aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yarada bilmişdir. O, Məhəmməd Füzulinin poeması əsasında “Leyli və Məcnun” operası ilə milli operamızın əsasını qoymuş, Azərbaycanın əsrlərdən bəri miras qalmış zəngin musiqisini ilk dəfə nota köçürmüşdür. Akademik İsa Həbibbəyli ötən il M.Füzulinin 530 illik yubileyi çərçivəsində AMEA kollektivinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operasına baxışının təşkil olunduğunu xatırladıb.


Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri olan “Koroğlu” operası ilə bağlı fikirlərini bölüşən AMEA prezidenti bildirib ki, dünya musiqi incilərinin siyahısına daxil olan bu əsərdə bəstəkar Şərq-Qərb ənənələrinin tam vəhdətinə nail olub, vətənpərvərlik ideyasını dolğun şəkildə ifadə edib. Dərin məzmuna malik olan “Koroğlu” operasını dünya qəhrəmanlıq operasının nadir nümunələrindən biri kimi dəyərləndirib. Həmçinin dahi bəstəkarın “Arazbari”, “Cəngi” əsərlərinin Azərbaycan milli mədəniyyətinin təkrarsız nümunələri olduğunu vurğulayıb.


Üzeyir Hacıbəylinin Azərbaycan musiqi elmini yazan şəxsiyyətlərdən olduğunu söyləyən AMEA rəhbəri onun “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental elmi əsərinin musiqişünas-alimin mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edildiyini deyib. Qeyd edib ki, bundan başqa, Üzeyir Hacıbəyli “Hesab məsələləri” adlı dərslik tərtib edib, dünya miqyasında böyük şöhrət qazanmış “Arşın mal alan” operettasını yazıb. Akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyətinə də toxunaraq, bəstəkarın mühacirətdə olan qardaşı Ceyhun Hacıbəyli ilə münasibətlərindən danışıb.


1945-ci ildə Akademiyanın 15 təsisçisindən birinin Üzeyir Hacıbəyli olduğunu vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, bu dahi şəxsiyyət AMEA-nın yaranmasında və inkişafında əvəzsiz xidmətlər göstərib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi