Milli Məclis Aparatının nümayəndə heyəti Özbəkistanda səfərdə olub
Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Kudrat Nurullayev və Qanunvericilik Palatasının Aparat rəhbəri vəzifəsini icra edən Baburjon Rajabov ilə keçirilən görüşlərdə xalqlarımız arasında tarixi köklərə dayanan bağlılığın və dostluğun dövlətlərarası əlaqələrdə də özünü göstərdiyi, bu münasibətlərin inkişafında dövlət başçılarımızın xüsusi rolu qeyd olunub.
Özbəkistan tərəfi ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib, parlamentlərimiz arasında da sıx münasibətlərin qurulduğunu, aktiv dialoqun formalaşdığını söyləyib. Qeyd olunub ki, bu münasibətlərin tərkib hissəsi olaraq parlament aparatları arasında da əməkdaşlıq gündən-günə inkişaf edir.
Səmimi görüşlər üçün təşəkkürünü bildirən Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev özbəkistanlı həmkarlarından spiker Sahibə Qafarovanın salamlarının spikerlər Tənzilə Narbayevaya və Nurdinjon İsmoilova çatdırılmasını xahiş edib.
Aparat rəhbəri bildirib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bu gün prezidentlərimiz cənab İlham Əliyev və cənab Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilir. Qeyd olunub ki, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda məktəb tikintisinə, Xankəndidə isə tikiş fabrikinin yaradılmasına kömək göstərməsi qardaşlıq münasibətinin təzahürüdür.
Parlamentlərarası münasibətlərdən danışan Fərid Hacıyev qanunvericilik orqanlarında dostluq qruplarının qarşılıqlı fəaliyyəti, parlament komitələri və aparatları arasında əlaqələrin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Söhbət zamanı parlament aparatlarının strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlərdən sonra nümayəndə heyətimiz Özbəkistan Ali Məclisi Senatının və Qanunvericilik Palatasının inzibati binaları, iclas zalları ilə, parlamentin Nəzarət-analitika idarəsi, Ərazi nümayəndəlik orqanlarının fəaliyyətinin öyrənilməsi mərkəzi, Televiziya mərkəzi, Mətbuat xidməti, Linqvistik ekspertiza, tərcümə və redaktə, Hüquq, Nəzarət və məlumat-analitik, Ərazilərin sosial-iqtisadi inkişafı və büdcə şöbələri, kitabxana, mətbəə, idman zalı və digər strukturları ilə tanış olub, onların fəaliyyəti, burada deputatlar və əməkdaşlar üçün yaradılan iş şəraiti ilə maraqlanıb.
Tədbirlərdə nümayəndə heyətinin üzvləri - Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Milli Məclis sədrinin köməkçisi Rauf Məmmədov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səməd Sultanov, Milli Məclis rəhbərliyi Katibliyinin sektor müdiri İlkin Qəhrəmanov iştirak ediblər.
Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri İslam Sivilizasiyası Mərkəzini, Teymurilər Tarixi Dövlət Muzeyini, “Şəhidlər xatirəsi” Memorial Kompleksini, Repressiya Qurbanları Xatirə Muzeyini ziyarət ediblər, burada sərgilənən eksponatlarla yaxından tanış olublar.