Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
O, 2015-ci ildə Hərbi məktəbini bitirərək Leytenant rütbəsini alıb. Sonra Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-ə qəbul olan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.Adil ailəsinin ortancıl övladı olub. Uşaqlıqdan bəri vətənpərvərliyi və dinə imanı ilə yaşıdlarından seçilib. Adil İbrahimlinin atası Asəm bəy də I Qarabağ Müharibəsinin qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. Bu günə qədər də Veteran vəsiqəsini götürməyib. Deyir ki, “Məğlub savaşın qalib əsgəri ola bilməzdim”. O, özü kimi də oğul böyüdüb. Çox sevdiyi atasının adını daşıyan, “dədə” deyə müraciət etdiyi Adili belə yad edir:
“Dedi ki, mənə halallıq ver. Mən gedirəm. Əmim kimi hərbiçi olacam. Hələ zarafatla deyirdi ki, mən əmimgildən də yuxarı məqamda olacam. Bəlkə də, onun qulağına Allah-Taala tərəfindən deyilmişdi ki, sən elə bir böyük zirvədə olacaqsan ki...” (Burada ata qəhrindən göz yaşına qərq olur, sözünü tamamlaya bilmir ). Lakin atanın nə demək istədiyini anlayırıq, onun dədəsi, həqiqətən, ən yüksək məqama çatıb. Elə bir məqam ki, biz istəsək də, onu təsvir belə edə bilmərik.
Adilin həyat yoldaşı Nargül xanım onu 12 yaşından bəri tanıyır. Evlilikləri cəmi üç il olsa da, onların sevgisi uzun bir yol qət edib. O deyir ki, “Mən onu tanıyan vaxtdan bəri həmişə deyirdi ki, gündəliklərin arxasında olan qan yaddaşını dəyişmək istəyirəm. Belə idi onun Vətən sevgisi, dil ilə təsvir etmək mümkün deyil. Bu bəlkə də, onun dinə böyük inancından irəli gəlirdi. Adil işində peşəkar olduğu kimi, ailədə də gözəl başçı idi. Mən Adil kimi ailə başçısı, ata indiyədək görməmişəm. Bir söz var: böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranırdı. Qızına bir ayrı, oğluna bir ayrı, mənə bir ayrı yanaşırdı. Həyat elə gətirdi ki, qızı ilə cəmi 12 gün vaxt keçirə bildi... O evə gələndə ayaqqabısını belə çıxarmamış Əbəlfəzi öpürdü. Övladlarına qarşı sevgisi belə idi. Adillə üç ildir ki, evliyik. Toyumuzdan bir həftə sonra təlimə getdilər. Heç bir ad günlərini, heç bir evlilik ildönümlərimizi birlikdə keçirə bilmədik. Daim kurslarda, təlimlərdə oldu. Həsrət çəkdik. İndi də məni ömürlük həsrətdə buraxıb getdi”. Adil, həqiqətən, cavan olmasına baxmayaraq, xeyli peşəkar hərbiçi olub. Son vəzifəsi isə Qrup komandiri və Baş kəşfiyyatçı idi. Döyüş yoldaşları onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şücaətindən, necə son damla qanınadək vuruşmasından danışır. O, Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib, yaralı olsa da qəhrəmancasına vuruşub, lakin mənfur düşmən yenidən ona atəş açıb... Noyabrın 7-də Adil ölümün qarşısında sinə gərib, ən son məqamda isə Şəhidlik şərbətini dadıb .
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” , "Vətən Uğrunda" , “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.