“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə növbəti təlim keçirilib
Sentyabrın 6-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Daşınmaz əmlakla bağlı mübahisələrin xüsusiyyətləri" mövzusunda əyani qaydada təlim təşkil edilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və layihənin gənc hüquqşünaslar üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Vəkillər Kollegiyası tərəfindən gənclərin hüquq sahəsində inkişafını və peşəkar formalaşmasını dəstəkləmək məqsədilə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, hüquqi maarifləndirmə səviyyəsinin yüksəldilməsi Kollegiyanın əsas prioritetlərindən biridir.
Eyni zamanda “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb, həmçinin gənc hüquqşünaslar jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.
Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS Konsaltinq" şirkətinin rəhbəri Nuridə İbrahimova çıxış edərək bildirib ki, "Vəkildən gənc hüquqşünasa" layihəsi təcrübəli vəkillər ilə gənc hüquqşünasların bilik və təcrübə mübadiləsini təşviq edən mühüm bir təşəbbüsdür. Gənc hüquqşünaslar bu təcrübədən faydalanaraq, hüquq sahəsində sürətli və effektiv inkişaf edə bilərlər.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi Lalə Məmmədli daşınmaz əmlakın hüquqi aspektləri, əmlakın mülkiyyət hüququ, əmlakın təyinatı və dəyişdirilməsi, o cümlədən məhkəmə qərarlarının icrası və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.
Həmçinin təlimdə iştirak edən Kollegiyanı üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehdiyev mövzu ilə bağlı öz təcrübəsinə uyğun müxtəlif məsələləri gənc hüquqşünaslarla bölüşüb.
Sonda mövzu üzrə iştirakçıları maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə 41 gənc hüquqşünas iştirak edib.