lider-media.az

HEYDƏR ƏLİYEV - MİLLİ MƏTBUATIMIZIN HİMAYƏDARI

Tarix: 10-05-2024, 10:34

    Ulu öndər. Ümummilli Lider. Bu fəxri adlar, qürurdoğuracaq titullar hər bir dövlət rəhbərinə nəsib olmur. XX əsrin dahi şəxsiyyətlərindən biri Heydər Əliyev isə xalqı qarşıısında xidmətlərinə görə qazanıb bu adları. Çünki həyatının böyük bir hissəsini dövlətə, dövlətçiliyə həsr edən ulu öndərin ölkənin hər bir guşəsində, hər bir sahədə silinməz izləri var. Güclü iqtisadiyyat, peşəkar ordu yaradan bu dahi rəhbər ölkədə sosial, mədəni, idman və s. sahələrdə inkişafı təmin edib.  O, milli mətbuatımızın himayədarı, jurnalistlərin yaxın dostu idi.

     Lider-medi.az Ümummilli liderin anadan olmasının 101-ci ildönümündə onun Azərbaycan mətbuatının inkişafı istiqamətində fəaliyyətinə bir daha nəzər salır...

    Ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaqın ən geridə  qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı olaraq adını tarixə qızıl hərflərlə yazdırdı. 1969-1982-ci illərdə bütün sahələrdə qoyulan möhkəm   təməl bu günümüz üçün əsas oldu.

     Məlumdur ki,  1920-ci ildə qurulan Sovet rejimi ilk vaxtlardan başlayaraq  xalqın maariflənməsində, vətənpərvərlik ruhunun oyanmasında böyük rolu olan şəxsiyyətlərin repressiyasını həyata keçirirdi və mütərəqqi, demokratik fikri boğmağa çalışdı. Rejimin repressiya maşını ölkənin istər mətbuatının, istərsə də ədəbiyyatının aparıcı simalarını sıradan çıxarmaqla keçmişi unutdurmağa, gələcəyi isə yalnız öz arzularına uyğun qurmağa cəhd edirdi. 1936-1940-cı illər arasında Azərbaycanda aradan götürülən ziyalılar isə dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri idilər.

      1969-cu ilin iyulun 14-də Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın da inkişafında əsaslı dönüş yaratdı. Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpmağa başladı.   Ulu öndərin  şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli lider Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı.  Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyevin rəhbərliyilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərilirdi. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynadı. Sovet İttifaqının dağılması ilə müstəqilliyini bərpa edən Azərbaycanın mətbuatının da taleyi keşməkeşli oldu. Həmin dövrlərdə mətbuatın necə böyük çətinliklərlə üzləşdiyi hamıya bəllidir.

     1991-ci ildə  müstəqilliyimiz bərpa olunmaqla bərabər ölkənin başını qara buludlar aldı. Təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi, silahlı qruplaşmaların mübarizə aparması və ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz bu hakimiyyətin dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat işçilərini təqib etmək sanki adət halını almışdı. Hətta bəzi hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı efirdən jurnalisti təhqir, təhdid etməkdən çəkinmirdi.

     Belə çətin bir vəziyyətdə Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyə satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Bu problemlər  Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu kimi, Azərbaycanın da bu çətinliklərdən, böhrandan xilas olduğu gün gəlib çatdı...

   Məhz 1993-2003-cü məhz bu illərdə müasir Azərbaycan mətbuatı dünya standartları səviyyəsinə yüksəldi. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə imkan yarandı.

     Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

     1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru   asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.

     Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Bu dahi insan bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbu vasitələri xilas etdi.

    

     Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının təmin edilməsini, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.

     Qeyd edək ki, 30 il işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi və suverenliyimizin tam bərpasını təmin edən  bir günlük antiterror tədbirləri Azərbaycan tarixində xüsusi yer tutur. Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə aparılan bu müharibə ölkə mətbuatı üçün də bir sınaq olub. Mətbuatımız bu sınaqdan uğurla, mətinləşərək çıxdı.  Vətən müharibəsində qazanılan Qələbə regionda yeni reallıqlar yaradıb və  müasir dövrümüzdə dövlətimizin informasiya siyasəti  də məhz bu reallıqlara və çağırışlara uyğunlaşdırılır. Beləliklə, yeniləşən cəmiyyətimizdə KİV-lərin yerinin və rolunun müəyyənləşdirilməsi, ölkə mediasının moderinləşdirilməsi istiqamətində əsaslı islahatlar prosesinə start verilib.

    Prezident İlham Əliyev  media sahəsində müxtəlif xarakterli islahatların reallaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib, bu sahənin daha da inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.        

     Dövlət başçısının 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında  media sahəsində  islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə KİV-in inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu, gözlənilən dəyişikliklərin və yeniləşmənin mesajı verilmiş oldu. Yol xəritəsi rolunu oynayan “Media haqqında” Qanun qəbul edildi. 

     Bu konteksdə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxsin yaradılması və   Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesinin uğurla başa çatdırılaraq  14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestrin fəaliyyətə başlaması da ölkə mətbuatı tarixində əlamətdar hadisələrdəndir.

     Bu il Prezident İlham Əliyev tərəfindən təsdiq olunan  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun da mediaya iqtisadi güzəştləri özündə əks etdirir.

     Belə ki, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə  onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında  daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi 2023-cü il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən və əlavə dəyər vergisindən azad edilir. Bu isə media subyektlərinin daima dövlətin diqqət və qayğısı iə əhətə olunduğunun göstəricisidir.

     Bu gün ölkəmizdə söz və mətbuat azadlığının daim genişlənən hüdudlarına nəzər saldıqda milli mətbuatımızın məmnunluq doğuran mənzərəsini görürük. Təbii ki, bu azad, şəffaf, Avropa standartlarına uyğun mətbuat aləmi ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezidet İlham Əliyevin siyasi iradəsinin, Azərbaycanı yetkin informasiya cəmiyyəti kimi görmək istəyinin nəticəsidir.


Lider-media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi