Mehriban xanımın doğum günüdür
Heydər Əliyev Fondu: sosial-mədəni və humanitar layihələrin təşəbbüskarı, insanların ümid yeri
Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 21 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Ulu öndər Heydər Əliyevin ideallarından ruh alan Fond Onun nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirib, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verib. Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb.
Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib.
2004-2018-ci illər ərzində fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulub, minlərlə insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilib. Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri də cəmiyyətdə böyük diqqət və rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondu ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərib.
Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 300-dən çox yeni məktəb binası inşa olunub və lazımi avadanlıqlarla təchiz edilib.
Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır. Belə ki, 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilib.
Bütün bunlarla yanaşı, Fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib.
Azərbaycan həqiqətlərinin carçısı - Heydər Əliyev Fondu
Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, mətbəxinin, ümumiyyətlə, milli mədəni-mənəvi dəyərlərimizlə əlaqəli bütün tarixi nailiyyətlərimizin dünya miqyasında təbliğ edilməsi Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız qarşısında gördüyü misilsiz xidmətlərin tərkib hissəsidir. Təsadüfi deyildir ki, Heydər Əliyev Fondu irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Elə Prezident İlham Əliyev də Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin də beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar, ingilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletləri Fondun bu sahədəki fəaliyyətinin əyani vəsaitləridir.
Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində dünya ictimaiyyətinin diqqətini çəkən, həmin ölkələrin siyasi, mədəni, elmi elitasını bir araya toplayan tədbirlərə də imza atıb. Məhz Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyevdə və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyaların keçirilməsi, xarici ölkələrdə Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyaların nümayiş olunması, Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir, töhfələrini verir.
Dövlətə və xalqa xidmətin nümunəsi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sosial, humanitar, mədəni sahələrdəki işləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil edir. Qeyd etmək yerinə düşər ki, Mehriban xanım Əliyeva Ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının 1992-ci ildən fəal üzvü olub və bu gün də partiyanın Sədr müavini kimi müasir və müstəqil dövlətimizin daha da inkişaf etməsi prosesinin ən aparıcı simasına çevrilib.
Heydər Əliyev Fonduna rəhbərlik etdiyi, Milli Məclisə deputat seçildiyi vaxtdan bəri ölkə həyatının elə bir sahəsi olmayıb ki, Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalsın. Daim seçicilərinin yanında olan, onların problemlərini dinləyən və həll edən deputat kimi bütün xalqın rəğbətini və məhəbbətini qazanan Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi hər bir azərbaycanlını ürəkdən sevindirdi. Çünki Ümummilli lider Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin Ulu öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımasına çoxdan siyasi və mənəvi haqqı çatırdı. Xalqımızın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Mehriban xanımın müstəsna xidmətləri onu cəmiyyətə mötəbər ictimai-siyasi xadim kimi tanıtmışdı. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlı idi. Daha doğrusu, Azərbaycanın birinci xanımı Birinci vitse-prezident təyin olunana qədər deputat və fond rəhbəri kimi reallaşdırdığı uğurlu layihələrlə, dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə geniş ictimai dəstək qazandırmışdı.
Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirədə də qaçqın və məcburi köçkünlərin problemlərini, bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxladı, bundan sonra da görüləcək işləri, qarşıda duran vəzifələri diqqətə çatdırdı. O, yeni missiyasına başlamaqla ağır sosial şəraitdə yaşayan insanların problemlərinin həlli üçün qısa müddətdə yeni layihənin həyata keçiriləcəyini vurğuladı. Təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva mətbuata müsahibələrinin birində belə deyib: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”.
İşıqlı, nurlu, xeyirxah əməl
Xeyirxah, işıqlı əməllərin daşıyıcıları, missiyaçıları da Böyük Yaradanın Yer üzünə bir ərməğanı, öz bəndələrinə bir lütfüdür. Onlar ancaq və ancaq bu əməllər üçün doğulmuşlar, yaranmışlar, yaradılmışlar - bir sözlə, seçilmişlərdir.
İşıqlı, xeyirxah əməllər üçün Yer üzünə göndərilənlər - Xeyirin Şər, İşığın Zülmət, Haqqın Nahaqq üzərində qələbəsi, ədalətin, mərhəmətin təntənəsi, bədəməllilərin öz niyətlərinə nail ola bilməməsi üçün aylar, illər, bəzən hətta, əsrlər boyu uzun bir mübarizə, mücadilə yolu keçmiş və nəhayətdə öz məqsədlərinə nail olmuşlar. Çətin, ağır, keşməkeşli, əzablı, amma şərəfli bir missiya yerinə yetirmişlər. Belə xeyirxah, işıqlı, nurlu əməl sahiblərindən, bu missiyanı yerinə yetirmək üçün seçilmiş olanlardan biri də heç şübhəsiz və heç bir mübaliğəsiz demək olar ki, Azərbaycanın Birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci-vitse prezident Mehriban xanım Əliyevadır. Məhşur və hər kəsə yaxşı tanış olan bir kəlam var ki, "dünyanı gözəllik xilas edəcək". Bu kəlam uzun illər öncə söylənilmiş olsa da, bizcə bu gün ona kiçik bir dəyişiklik etməyə ehtiyac yaranıb. Əgər bu məşhur kəlam “Dünyanı qadınlar və gözəllik xilas edəcək”, şəklində redaktə edilərsə, bütün qadınların timsalında tam anlamıyla məhz Mehriban xanımı xarakterizə etmiş olarıq. Çünki bu xanım Mərhəmət, Şəfqət, Xeyirxahlıq, Xilaskarlıq təcəssümüdür. Uzun illərdən bəri yerinə yetirdiyi, şərəflə daşıdığı missiya bunu qətiyyətlə və birmənalı şəkildə söyləmək üçün tam əsas verir. Elə bir xoş, işıqlı, nurlu, xeyirxah əməl yoxdur ki, orada Mehriban xanımın adı, imzası olmasın. Harada xeyirxah, işıqlı əməllər, fəaliyyətlər varsa, orada Mehriban Əliyeva adı və soyadı, imzası da var. Bunlar sanki qoşa qanad kimi birgə addımlamaqdadırlar. Başqa cür də ola bilməz, bunun əksini düşünmək ədalətsizlik və haqsızlıq demək olardı... Bu yerdə bir qədər keçmişə ekskurs etmək lap yerinə düşərdi. Mehriban xanım 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə dünyanın ən nüfuzlu və önəmli beynəlxalq qurumlarından olan YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Əslində isə o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. YUNESKO-nun baş katibi Koişiro Masuuranın iştirakı ilə Azərbaycanla təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
Bir neçə il öncə Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın bu ecazkar, əlçatmaz musiqisinin, mədəniyyət incisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarınn iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz Muğam, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məşhur muğam ustalarının valehedici ifalarının toplandığı Qarabağ Xanəndələri albomu bu gün bütün dünyada onu bircə dəfə dinləyənləri ömür boyu öz sehrində saxlayır. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil olmasında da onun böyük xidmətləri, əməyi, zəhməti var... Mehriban xanımın titanik fəaliyyəti, Azərbaycan naminə fədakar və yorulmaz fəaliyyəti təkcə bununla və bunlarla məhdudlaşmır, kifayətlənmir. O, daim-gecə-gündüz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması axtarışındadır, bu işində də əsl fədakarlıq, əsl vətəndaşlıq nümunəsi sərgiləyir. Onun YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir, mümkünsüzdür. Bundan başqa Heydər Əliyev Fondu Ermənistanın Xocalı şəhərində törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün bir neçə dildə film də hazırlayıb. Dünyanın çoxlu sayda ölkələrində Fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümündə böyük tədbirlər keçirilirdi, Xocalı soyqırımını anladan foto və “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgiləri nümayiş olunurdu. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond Azərbaycan həqiqətlərini erməni iftiralarını, ermənilərin işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən çoxlu sayda kitablar nəşr etdirərək, dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması istiqamətində böyük işlər görülürdü.L Yuxarıda da bəhs etdiyimiz kimi, Mehriban xanım YUNESKO ilə yanaşı, həm də Müsəlman, İslam dünyasını özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən böyük qurumu olan İSESCO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də Müsəlman dünyasını layiqincə təmsil edir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüş Mehriban Əliyevanın gördüyü işlər təşkilat tərəfindən ən yüksək səviyyədə qiymətləndirilib. Bu yerdə onu da xatırlatmağa dəyər ki, Azərbaycanın paytaxtı Bakı şəhəri hələ 2009-cu ildə İslam Dünyası Paytaxtı elan edilib. Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolu oynamasında, sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın bir çox ölkələrə nümunə olması haqqında dünya ictimaiyyətinin müsbət təsəvvürünün formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, əlbəttə ki, Mehriban xanımın da böyük xidmətləri var.
Mehriban xanım, 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi də Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində böyük işlər görüb. Məsələn, Mehriban Əliyevanın 1996-cı ildə təsis etdiyi və 3 dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalı Azərbaycan mədəniyyətinin təbliğ olunması istiqamətində önəmli bir addım olub.Mehriban Əliyeva həm də Azərbaycan idmanının və idmançılarının əsl qayğıkeşi, ən böyük dəstəkçilərindəndir. Təsadüfi deyil ki, o, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir və bu vəzifədəki missiyasını da çox şərəflə və ləyaqətlə yerinə yetirməkdədir. Bu vəzifəyə 2002-ci ildə seçilən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qızları qısa zaman ərzində Avropa və Dünya çempionatlarının, Bakıda keçirilən və xoş, unudulmaz anlarla yaddaşlara əbədi həkk olunan 4-cü İslam Həmrəyliyi Oyunlarının medallarını qazanmağa nail oldular. Onun səyləriylə, Azərbaycan qızları idmanın bu növündə də böyük uğurlara imza atmağa qadir olduqlarını nümayiş etdirdilər. Bu gün Gimnastika sahəsində Azərbaycan, qızlarımızın əldə etdikləri uğurlarla nəinki Türk və Müsəlman dünyasında liderdir, eləcə də bir çox Avropa və Qərb ölkələrini belə arxada qoyur. Bu, da onun - Mehriban xanım Əliyevanın zəhmətinin bəhrəsidir. Onun gördüyü böyük işlər və beynəlxalq aləmdə artmaqda olan nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. 2007-ci il iyunun 29-da isə Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı Azərbaycanda keçirildi. Bu cür mötəbər yarışların bir-birinin ardınca Azərbaycanda keçirilməsi, xüsusilə də, 2015-ci ildə baş tutan möhtəşəm ilk Avropa Oyunları, eləcə də, sonuncu - 4-cü İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın fəaliyyətinin bariz nümunəsi, bəhrəsi və belə demək mümkünsə, beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən qiymət, ona olan etimadın göstəricisi idi. Çox yüksək səviyyədə keçirilən bu yarışlar Azərbaycanın dünyada nüfuzunu və müsbət imicini daha da artırdı və artırmaqdadır.
Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım böyük və xeyirxah əməllər sahibidir. Fond bu gün artıq Dünya miqyasında qəbul olunan bir təşkilata çevrilib. Onun bir çox ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür. Bu Fond maddi vəziyyəti ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. Ümumiyyətlə, Mehriban xanım və onun rəhbərlik etdiyi Fond müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, müasir dünyada və müasir anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını bəyan etdi və əsrimizdə yeni bir məktəbin-Xeyriyyəçilik, Humanizm məktəbinin əsasını qoydu. O, Azərbaycanda xeyriyyəçi insanların da dəstəyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəb tikdirərək uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni etdi və bu müqəddəs missiyanı bu gün şərəflə davam etdirir. Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır. O, yeni xəstəxanalar, tibb məntəqələri tikdirərək insanların sağlamlığına da xidmət edir. Bunu həm gözəl, bacarıqlı, bilikli bir həkim olduğu üçün, həm də millətin gələcəyinin sağlam gənclikdən asılı olduğunu çox yaxşı bildiyi və dərindən dərk etdiyi üçün edir. Onun təşəbbüsü ilə tikilən məktəblərdə gənclərin yüksək səviyyədə təhsili, inkişafı üçün lazım olan bütün şəraitlər yaradılır. Gənclərin boş vaxtlarının zərərli meyllərə yönəlməsinin qarşısının alınması, bu vaxtın daha səmərəli istifadə olunması, gənclərin bir vətəndaş kimi yetişməsi də daim onun diqqət mərkəzindədir və bu sahədə də çoxsaylı layihələr həyata keçirilir. O, daim çətin vəziyyətə düşən insanların yanındadır. Yardıma ehtiyacı olan az gəlirli dializli xəstələrin bahalı dializ prosedurlar almasında problemlər yaranan zaman o, xaricdən ən yüksək səviyyəli avandanlıqların alınıb onların istifadəsinə verilməsinə nail olur. Görmə qabiliyyətindən məhrum uşaqlarla görüşündə onlar üçün oxumağın və təhsilin çox önəmli olduğuna diqqət çəkir və bundan dərhal sonra onun dəstəyi ilə bu insanların oxuya bilməsi üçün yüksək səviyyəli mərkəz qurulur, bütün lazımlı xüsusi avadanlıqlarla təhciz edilib istifadəyə verilir.
Mehriban xanım işlərinin çoxluğuna baxmayaraq, valideyn himayəsindən məhrum olan və uşaq evlərində, internat məktəblərində böyüyən uşaqların hər birinə qayğıkeş ana kimi vaxt ayırmağı da bacarır. O, tez-tez bu uşaqlara baş çəkir, onların fikirləri, problemləri və arzuları ilə maraqlanır, bir ana kimi tövsiyələrini verir. Ata-ana himayəsindən məhrum olan uşaqların qaldığı evlər, internat məktəbləri ən yüksək səviyyədə təmir-bərpa və hər cür avadanlqla təhciz olunub. Buradakı uşaqlar normal ailələrdə böyüyən uşaqlar kimi təmin olunublar. O, hər məsələylə şəxsən maraqlanır. Bir ana, bir valideyn kimi tez-tez bu evlərə, məktəblərə baş çəkərək uşaqlarla vaxt keçirir, onlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışır. Bütün bayramlarda həmin uşaqların könlünü almaq, onları sevindirmək üçün əyləncələr təşkil edir və onlarla saatlarla əylənir. Mehriban xanım uşaqların ailə mühitində böyüməsi üçün həyata keçirilən bütün layihələrin təşəbbüsçüsü və dəstəkçisidir. Mehriban xanım, bu uşaqlar böyüdükdən sonra da onlara diqqətini azaltmır. Həmin məktəblərdə böyüyən və ailə həyatı quran gənclərin toy mərasimlərini yüksək səviyyədə təşkil edir, özü şəxsən onları təbrik edir, onlarla sevinir, oynayır, şənlənir və onların özlərini tənha, kimsəsiz hiss etmələrinə imkan vermir. İnternat evlərindən məzun olan və sərbəst həyata atılan yenitetmə və gənclərin ev probleminin həlli üçün atdığı addımlar-onlar üçün tikdirdiyi binalar da bütün misilsiz xidmətləri arasındadır.
Talassemiya adlı irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsindədir. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanda könüllü donorluq daha da inkişaf edib və bu uşaqların pulsuz qanla təminatı problemi aradan qaldırılıb. İnsanlar arasında təmənnasız şəkildə qan verməklə talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanların pulsuz qanla təmin olunmasına kömək göstərilməsi ənənəsinin cəmiyyətdə möhkəmlənməsində onun böyük rolu var. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi sayəsində Azərbaycanın bir çox qədim tarixi, dini və mədəni abidələri bərpa olunub. Cavad Xan Türbəsi, Comərd Qəssab Türbəsi, qədim dövrlərə aid Hamam Kompleksi və bir çox tarixi, dini və mədəni abidələri buna misal göstərmək olar. O, Azərbaycan gəncliyinin öz tarixinə, mədəniyyətinə bağlı yetişməsi və buna sahiblənməsinin, gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinin böyük önəm daşıdığına diqqət yetirir. Mehriban Əliyeva təkcə Azərbaycanın birinci xanımı deyil, o, həm də ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın, ən etibarlı silahdaşıdır. Azərbaycanın inkişafı, gələcəyi uğrunda onunla çiyin-çiyinə mübarizə aparan ən yaxın silahdaşı... Məhz elə bunun nəticəsidir ki, 7 il öncə Mehriban xanım ölkə Prezidenti tərəfindən yüksək ali dövləti vəzifəyə - Azərbaycan Respublikasının Birinci-vitse prezidenti vəzifəsinə təyin olundu. Bu da əslində gözlənilən idi, burada gözlənilməz heç nə ola bilməzdi. Çünki Mehriban xanım yuxarıda qeyd etdiyimiz və etmədiyimiz böyük, xeyirxah əməlləri, Azərbaycan naminə fədarkarlığı, yorulmaz, titinak fəaliyyəti, gərgin zəhməti ilə bu vəzifəni Haqq edirdi. Bu vəzifə, bu ali kürsü, yüksək post onun Haqqı idi. Ondan savayı kimsə bunu Haqq etmirdi və edə də bilməzdi. Fəaliyyəti ilə də sübut etdi ki, ölkə rəhbəri bu seçimində yanılmayıb, əksinə, nə qədər haqlı olub və Mehriban xanımın Azərbaycan xalqı və dövləti naminə böyük işləri, addımları hələ qabaqdadır. O, ötən illər ərzində üzərinə götürdüyü missiyanı necə şərəflə və uğurla yerinə yetiribsə, bu ali kürsüdə də çiyninə düşən missiyanı eynilə-uğurla və şərəflə yerinə yetirəcək.Mehriban xanımın qarşıdan növbəti doğum günü gəlir.
Lider-Media.az Mehriban xanımı ad günü münasibətilə təbrik edir, uğurlar arzulayır.