
Fəaliyyətində dahi şəxsiyyət Heydər Əliyev ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, İKT, ətraf mühitin qorunması və digər sahələrdə həyata keçirilən önəmli layihələrlə mühüm nailiyyətlərə imza atan, Azərbaycanda, regionda, eləcə də bütün dünyada böyük rəğbət qazanan Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 21 il ötür.
2004-cü il 10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Fərmanla ictimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə dəstəkləndi. Fond görkəmli dövlət xadiminin irsini əbədiləşdirmək, həm də ölkənin sosial-iqtisadi və mədəni inkişafına töhfə vermək üçün mühüm platforma olaraq formalaşdı. Həmin il mayın 10-da yaradılan Heydər Əliyev Fondu ümummilli liderin əvəzolunmaz xidmətlərini gələcək nəsillərə ötürən, xeyirxahlıq və mərhəmət simvoludur. Heydər Əliyev Fondu xeyirxah əməlləri ilə ümummilli liderin adını yaşadır.
“...Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır”. Bu fikirləri Prezident İlham Əliyev 2004-cü ildə Heydər Əliyev Fondunun açılış mərasimindəki nitqində bildirib. Dövlətimizin başçısının qeyd etdiyi bu fikirlər ötən 21 il ərzində Heydər Əliyev Fondunun fəaliyyətində öz əksini tapdı. Fond Ümummilli Liderin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, xalqımızın maddi rifahının yaxşılaşdırılması, sağlam, təhsilli Azərbaycan cəmiyyətinin formalaşması naminə müəyyən etdiyi ideyaların reallaşmasına hər zaman böyük dəstək verir. Ötən dövrdə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə çatdırılması işində və digər istiqamətlərdə çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atıb.
Ulu Öndərin zəngin mənəvi irsini, onun Azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Xüsusilə aztəminatlı ailələr, kimsəsiz uşaqlar, əlillər və şəhid ailələri Fondun həyata keçirdiyi sosial proqramlardan bəhrələnir. Heydər Əliyev Fondu Ulu Öndərin azərbaycançılıq ideologiyasına sadiq qalaraq, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xüsusi diqqət ayırır. Fond tərəfindən təşkil olunan mədəni-kütləvi tədbirlər, idman yarışları və təlim proqramları yeni nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir.

Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyev Azərbaycanın tanınmış ziyalılarının xatirəsini yaşatmaq üçün konkret addımlar atdı. 1970-ci illərdə onun təşəbbüsü ilə görkəmli maarifçi Mirzə Fətəli Axundzadənin büstü bərpa edildi, klassik Azərbaycan ədəbiyyatının incilərini yaradan Mirzə Şəfi Vazehin qəbirüstü abidəsi ucaldıldı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin itib-batmaqda olan məzarı üzə çıxarıldı, üstünə abidəsi qoyuldu. Həsən bəy Ağayevin məzarı bərpa edildi və qəbirüstü abidəsi ucaldıldı. 1970-ci illərdə Mirzə Fətəli Axundzadənin Tbilisidəki ikimərtəbəli mülkünün erməni və gürcü ailələrindən geri alınaraq bərpa olunması və ev-muzeyinə çevrilməsi Heydər Əliyevin mədəniyyət siyasətində önəmli bir addım oldu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ulu Öndərin bu nəcib missiyasını uğurla davam etdirərək, Azərbaycanın tarixi şəxsiyyətlərinin irsini qorumaq istiqamətində mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri bərpa olundu.

Fondun gördüyü işlər təkcə milli irsin qorunması ilə məhdudlaşmır, həm də Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasına xidmət edir. Heydər Əliyev Fondu həm Azərbaycanın milli dəyərlərinin yaşadılması, həm də dünya ictimaiyyətinə təqdim olunmasında mühüm rol oynayır. Heydər Əliyev Fondunun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik təfəkkürünün, idarəçilik strategiyasının və siyasi irsinin qorunması, öyrənilməsi və təbliği idi. Fond öz fəaliyyətində müxtəlif əsas istiqamətləri müəyyənləşdirdi. Təhsil sahəsində həyata keçirilən layihələr ölkənin gələcək intellektual potensialının formalaşmasına yönəlib. "Təhsilə dəstək" proqramı, aztəminatlı ailələrdən olan tələbələrə təhsil imkanları yaratmaq məqsədi daşıyır. Proqram çərçivəsində minlərlə tələbəyə təqaüdlər verilib, müxtəlif təhsil müəssisələrinə dəstək göstərilib. Bundan əlavə, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" layihəsi çərçivəsində ölkə üzrə yeni uşaq bağçaları tikilib və mövcud bağçalar müasir tələblərə uyğun yenidən qurulub. Bu layihələr ölkənin müxtəlif bölgələrində təhsil səviyyəsini yüksəltməklə yanaşı, uşaqların bərabər təhsil imkanlarına malik olmasını təmin edir. Təhsil proqramları vasitəsilə yüzlərlə gənc ali təhsil almaq, peşə bacarıqları qazanmaq və gələcəkdə cəmiyyətə töhfə vermək imkanı əldə edib.
.JPG)
Bundan əlavə, Azərbaycan təhsilinin inkişafı və müasir standartlara uyğunlaşdırılması məqsədilə Heydər Əliyev Fondu 2005-ci ildə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının icrasına başlayıb. Bu proqram çərçivəsində ölkənin bütün regionlarında müasir təhsil infrastruktur yaradılıb və mövcud məktəblər əsaslı şəkildə təmir edilib və indiyədək 500-dən çox məktəb inşa edilib. Bu məktəblərin hər biri müasir tədris texnologiyaları ilə təchiz olunmuş, fənn kabinələri və laboratoriyalarla təmin edilib, istifadəyə verilən təhsil müəssisələrində 100 mindən çox şagird müasir şəraitdə təhsil alıb. Bu məktəblər təkcə təhsil ocaqları kimi deyil, həm də mədəniyyət və maarifləndirmə mərkəzləri kimi fəaliyyət göstərir. Bu isə gənclərin intellektual və mənəvi inkişafına töhfə vermək üçün böyük imkanlar yaradır.


Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təhsil layihələrinin əsas xüsusiyyətlərindən biri, tədris prosesində texnologiyanın tətbiqinin gücləndirilməsidir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilən məktəblərdə yeni laboratoriyalar və fənn kabinələri yaradılıb. Bu laboratoriyalar şagirdlərin təbiət elmləri, fizika, kimya və biologiya fənləri üzrə praktiki bacarıqlarını inkişaf etdirmələri üçün müasir avadanlıqlarla təchiz edilib. Müasir texnologiyalardan istifadə etməklə tədris prosesinin interaktivliyinin artırılması, gənclərin elmi biliklərə marağının gücləndirilməsi əsas hədəflərindəndir. Birinci xanım Mehriban Əliyeva Azərbaycanın mədəniyyətinin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirdiyi layihələrlə yanaşı, təhsilin inkişafına da mühüm töhfələr verir. Heydər Əliyev Fondu çərçivəsində təhsil sahəsində mədəni maarifləndirmə işləri də gücləndirilir. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq konfranslar, sərgilər və musiqi festivalları, gənclərin dünya mədəniyyəti ilə tanış olmalarına və intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir. Bu layihələr sayəsində minlərlə gənc yüksəkkeyfiyyətli təhsil almaq, müasir texnologiyalardan istifadə edərək biliklərini dərinləşdirmək və gələcəkdə uğurlu karyera qurmaq imkanı əldə edir. Mehriban Əliyevanın təhsil sahəsində gördüyü işlər Azərbaycan xalqının sabahına yönəlmiş ən böyük sərmayələrdəndir. Bu gələcəkdə ölkənin sosial-iqtisadi inkişafını təmin edəcək savadlı, intellektual və milli dəyərlərə sadiq gənc nəsillərin yetişdirilməsi deməkdir.
Heydər Əliyev Fondu səhiyyə sektorunun inkişafına da xüsusi diqqət göstərir. Fondun həyata keçirdiyi layihələr ölkədə tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlıq problemlərinin həllinə dəstək olur. 2009-cu ildə istifadəyə verilən Talassemiya Mərkəzi, talassemiya xəstəliyinin müalicəsi və nəzarət altına alınması istiqamətində mühüm addımlardan biridir. Mərkəz müasir laboratoriyalar, qan bankı və diaqnostika bölmələri ilə təmin olunub. Burada sümük iliyi transplantasiyası, genetik müayinələr və digər müalicə prosedurları həyata keçirilir. Hazırda ölkədə 3200 talassemiya xəstəsi var. Mərkəzdə həyata keçirilən müayinələr və müalicə prosedurları bu xəstəliyin yayılmasının qarşısını almaqda əvəzsiz rol oynayır.
"Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi isə diabet xəstəsi olan uşaqların sağlamlığının qorunmasına xidmət edir. Layihə çərçivəsində uşaqlara pulsuz tibbi avadanlıqlar paylanır. Buraya insulin cihazları, qlükometrlər və digər zəruri tibbi vasitələr daxildir. Həmçinin minlərlə diabetli uşaq mütəmadi olaraq tibbi nəzarətdə saxlanılır onların sağlamlıq vəziyyəti izlənilir və müvafiq müalicə tədbirləri həyata keçirilir. Layihənin məqsədi yalnız tibbi yardım göstərmək deyil, həm də cəmiyyətdə diabet xəstəliyi ilə bağlı maarifləndirmə işlərini gücləndirməkdir.
Fondun səhiyyə sahəsindəki ən böyük xidmətlərindən biri də yeni tibb müəssisələrinin inşası və mövcud xəstəxanaların müasir standartlara uyğun yenidən qurulmasıdır. Bu məqsədlə bölgələrdə yeni xəstəxanalar və reabilitasiya mərkəzləri yaradılıb. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial və tibbi reabilitasiyası üçün müasir şərait yaradır.
Ölkəmizin sosial-iqtisadi və mədəni inkişafına hərtərəfli töhfə verən, milli irsin qorunmasında və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Heydər Əliyev Fondu Azərbaycan xalqının ümummilli liderinə olan hörmət və ehtiramının təzahürü olmaqla yanaşı, gələcəyə yönəlmiş məqsədyönlü fəaliyyəti ilə də seçilir. Bu kontekstdə Fondun reallaşdırdığı hər bir layihə Azərbaycanın dövlətçilik ənənələrinin qorunub saxlanılması, ictimai rifahın yüksəldilməsi və dünya birliyinə inteqrasiya prosesində mühüm addım kimi qiymətləndirilir. Ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirən, insanlara, ehtiyacı olanlara kömək əlini uzadan, onlara sevinc bəxş edən Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından çox-çox uzaqlarda insanların böyük sevgisini qazanıb.
Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə daim Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Bu xüsusda tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsini qeyd etmək vacibdir . Ötən 21 ildə Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, “Qu quşları” fəvvarə kompleksinin bərpası, çoxsaylı muzeylərin-Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və digər muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun bu sahədə gördüyü irimiqyaslı işlərin tərkib hissəsidir. Həmçinin Fondun təşkilatçılığı ilə keçirilən və ənənə halını alan müxtəlif musiqi layihələrini, o cümlədən Qəbələ, Aşıq, “Muğam aləmi”, Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini, çoxsaylı konsertləri xüsusi qeyd etmək lazımdır. 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə Heydər Əliyev Fondunun yüksək tərəfdaşlığı ilə bu müsabiqəyə uğurla ev sahibliyi etdi.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun reallaşdırdığı hər bir layihə yüksək təşkilatçılığı, kütləviliyi, zəngin mədəniyyətimizə istinad olunması ilə seçilməklə maariflənməni, sülhü, bəşəri dəyərlərə hörməti təbliğ edir. Fondun həyata keçirdiyi mədəniyyət layihələri, rəngarəng tədbirlər, o cümlədən simpoziumlar, sərgilər, konsertlər, tamaşalar cəmiyyətimiz tərəfindən daim rəğbətlə qarşılanır və böyük auditoriya toplayır. Məhz buna görə Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanı həm də mədəniyyətimizin hamisi kimi qəbul edir.
Fondun təşkilatçılığı ilə mötəbər beynəlxalq qurumlarda, dünyanın möhtəşəm şəhərlərində ölkəmizlə bağlı sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Misal olaraq, Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda dünyanın bir sıra digər ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Qərbin mədəniyyət beşiyi hesab olunan Fransanın paytaxtında Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılmasını göstərmək olar. Londonda, Parisdə, Berlində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgiləri, həmçinin dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilən “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərgilər, Venesiya Biennalesində təşkil olunan Azərbaycan pavilyonlarındakı sərgilər və digər belə tədbirlər Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətindəki xüsusi əhəmiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin də ölkəmizə olan marağının daha da artmasına xidmət edib. Ulu Öndərin ideallarını yaşadaraq ümumbəşəri dəyərlərə mühüm töhfələr verən Mehriban Əliyeva bu xoş məramı ilə beynəlxalq ictimaiyyətin də böyük hörmət və rəğbətini qazanmağı bacarıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sərhəd tanımayan xeyirxah təşəbbüsləri ona dünyada böyük nüfuz qazandırıb.
Təbii ki , bütün bu təşəbbüslərin, görülən işlərin təməlində gərgin əmək, Vətənə, xalqa bağlılıq, insanlığa, bəşəriyyətə sonsuz sevgi dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsləri, ideyaları əsasında fəaliyyət istiqamətini genişləndirən Heydər Əliyev Fondu hər zaman ehtiyacı olanların, kimsəsizlərin yanında olur, cəmiyyətimizi narahat edən hər bir məsələnin həllində yaxından iştirak edir. Bu illər ərzində fədakar xidmətləri Mehriban Əliyevaya xalqın böyük sevgisini qazandırıb. 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən ləyaqətlə gəlir.
Azərbaycanda xeyriyyəçilik institutunun dirçəlməsi və inkişaf etməsi Mehriban Əliyevanın adı ilə bağlıdır. Ötən illərdə görülən işlərə nəzər salsaq bütün sahələrdə Mehriban Əliyevanın xeyriyyəçilik missiyasının dərin izlərinin şahidi olarıq. Aztəminatlı ailələri, şəhid ailələrini, qaziləri, istedadlı gəncləri əhatə edən bu xeyirxahlıq missiyası Mehriban Əliyevaya milyonların sevgisini qazandırıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi fəaliyyəti bu yarışların Olimpiya Oyunları səviyyəsində təşkilində mühüm rol oynadı. Uzun müddət bütün dünyanın diqqət mərkəzində olan Azərbaycan məhz Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin sayəsində bu mötəbər tədbirlərə uğurla ev sahibliyi etdi. Təsadüfi deyil ki, ilk Avropa Oyunlarının təşkilindəki böyük xidmətlərinə görə Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif olundu. Həmçinin Mehriban xanım Əliyevaya idman sahəsindəki xidmətlərinə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı da təqdim edilib.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri adlarına layiq görülən birinci xanım Mehriban Əliyeva müxtəlif sahələrdəki xidmətlərinə görə Polşanın “Böyük Komandor Xaçı”, Fransanın “Şərəf Legionu”, Serbiyanın “Sreten”, Macarıstanın “Komandor Xaçı”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı və digər çoxsaylı mükafatlarla təltif olunub. Bütün bunlar Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyadakı nüfuzunun, fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Mayın 4-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib. Orden Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşündə təqdim olunub. Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Mayın 10-da ulu öndərin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Qeyd etdiyimiz kimi, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Təməl prinsiplərində Ulu Öndərin ideyalarına söykənən Heydər Əliyev Fondu ölkəmizin inkişafına mühüm töhfələrini verməklə xeyirxahlıq missiyasını, Azərbaycanın, onun mədəniyyətinin təbliğini uğurla həyata keçirir, Vətənə və xalqa ləyaqətlə xidmət edir.
Nurəngiz Adilqızı.