lider-media.az

Tarixi Zəfər - bu dəfə diplomatiya meydanında! Sülh yolunda yeni mərhələ: Vaşinqton görüşü

Baxış: 183 Tarix: Сегодня, 17:15

Avqustun 8-də Ağ evdə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) təşəbbüsü və vasitəçiliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, eləcə də Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması sülhə gedən yolda mühüm tarixi hadisədir. 

Tərəflər bununla yalnız sülhə deyil, bütövlükdə regionun yeni inkişaf mərhələsinə qədəm qoymasına imza atdıqlarını göstərdilər.

Bununla da iki xalq arasında qarşılıqlı anlaşma, birgə əməkdaşlıq, təhlükəsizlik və rifahın təmin olunması üçün möhkəm təməl atıldı. 

Qalib tərəf olmağına rəğmən, daim sülh və əməkdaşlığın tərəfdarı olan ölkəmiz tərəflər arasında etimadın möhkəmləndirilməsi, siyasi-iqtisadi münasibətlərin qurulması, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası üçün əməkdaşlığa hər zaman hazır olduğunu bəyan etmişdir.

Bu baxımdan, bu tarixi sənəd regionun sabit və çiçəklənən gələcəyi naminə davamlı sülhə, qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa doğru atılmış mühüm addımdır.

Başqa sözlə, Birgə Bəyannamə mövcud postmüharibə dövründə Cənubi Qafqaz regionunun mürəkkəb geosiyasi reallıqları fonunda Sülh sazişinə aparan və konkret yol xəritəsini özündə ehtiva edən önəmli sənəddir. 

Onu da qeyd edək ki, hadisələrin bu mərhələyə gəlib çatması heç də asan və təsadüfi olmamışdır. Belə ki, illərlə davam edən münaqişədən sonra əldə edilmiş bu uğur, əlbəttə ki, Prezident İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi, istərsə də bir günlük Anti-terror əməliyyatı zamanı döyüş meydanında Ali Baş Komandan kimi qazandığı parlaq Zəfərin məntiqi davamı olaraq, diplomatiya sahəsində göstərdiyi qətiyyətli və uzaqgörən siyasətin, sarsılmaz liderliyin yekun nəticəsidir. 

Məlumdur ki, sülhü qorumaq, bəzən qələbə qazanmaqdan daha çətindir. Bu mənada, cənab Prezidentin bu səfəri yalnız iki ölkə arasında münasibətlərin yeni səhifəsinin açılması baxımından deyil, eyni zamanda uzun illərdən bəri ölkəmizi zəiflətməyə çalışan, onu müəyyən güzəştlərə vadar etməklə öz milli maraqlarından əl çəkməsini istəyən və beləliklə sülh prosesini pozaraq bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan beynəlxalq güclərin çirkin təzyiq siyasətini açıq şəkildə məğlubiyyətə düçar etdi.

Müdrik dövlət xadimi İlham Əliyev Azərbaycan əsgərinin döyüş meydanında qazandığı parlaq Zəfəri diplomatik sferaya - danışıqlar masasına daşıyaraq rəsmiləşdirdi. Beləliklə, qlobal güclərə qələbədən sülhə keçidin yeni reallığını qəbul etdirməyi bacardı, beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyini möhkəmləndirdi.

Bu baxımdan, əldə olunmuş bu uğur təkcə Zəfərin deyil, eyni zamanda sülhün memarı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının qələbə günü kimi tarixə düşəcək böyük və əlamətdar hadisədir.

Qeyd edək ki, bu səfər bir sıra önəmli tarixi hadisələrlə də yadda qaldı. Bunlardan biri ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin ünvanlanması idi. 

Bu müraciət, tərəflərin Vaşinqtonda keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamədə də öz əksini tapmışdır.

Beləliklə, ölkəmizin Sülh sazişinin şərtlərindən biri kimi irəli sürdüyü bu tələb də yerinə yetirilmiş oldu və nəticədə səmərəsiz Minsk Qrupu tarixə qovuşdu.

Birgə Bəyannamədə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin (yeni adı ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)) yaradılması kimi mühüm müddəalar da öz əksini tapmışdır. Xatırladaq ki, bu tələb də Sülh Sazişinin imzalanması üçün Ermənistan qarşısında Azərbaycan tərəfinin prinsipial şərtlərindən biri idi. Belə ki, cənab Prezident İlham Əliyev daim çıxışlarında da Zəngəzur dəhlizinin mütləq şəkildə reallaşacağını, yalnız bunun zaman məsələsi olduğunu vurğulamışdır. 

Beləliklə, dövlət başçımızın müdrik siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması haqqında razılaşmanın tələbləri də sənəddə öz təsdiqini tapmışdır. Bu həm də dəhlizin reallaşmasında gələcəkdə yarana biləcək istənilən situasiyaya qarşı ABŞ-nin əsas qarant olduğunun göstəricisidir. 

Qeyd edək ki, 42 kilometrlik bu yol yalnız avtomobil və dəmir yolu bağlantıları üçün deyil, eyni zamanda enerji və telekommunikasiya xətlərinin keçidinə də geniş imkanlar yaradacaqdır.

Avropanı Asiya ilə birləşdirəcək bu unikal yol regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcək, ölkələr arasında ticarət əlaqələrini sürətləndirəcək və nəticədə ölkəmiz tranzit ölkə kimi ixrac imkanlarını artıraraq dünya iqtisadiyyatına daha sürətli şəkildə inteqrasiya olunacaqdır.

Zəngəzur dəhlizi (TRİPP) Türk Birliyi ölkələri arasında mövcud münasibətləri də dərinləşdirərək, Azərbaycanı Türkiyə və digər Türk dövlətləri ilə daha da sıx birləşdirəcəkdir.

Beləliklə, Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişdirə biləcək potensiala malik Zəngəzur dəhlizi (TRİPP) bir növ regionda hökmranlıq etmək istəyən tərəflərin mənfi təsirini zəiflədərək mövcud güc balansını da formalaşdıracaqdır.

Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri yalnız regionda davamlı sülh və sabitliyin bərqərar olması baxımından deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı üçün böyük tarixi əhəmiyyət daşıyır.

Belə ki, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsi və bu məqsədlə “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması regionun lider ölkəsi olan Azərbaycanla münasibətlərin ABŞ üçün nə qədər önəmli strateji əhəmiyyət daşıdığını göstərir.

Qeyd edək ki, iki ölkə arasında planlaşdırılan gələcək əməkdaşlıq təkcə siyasi sahəni deyil, eyni zamanda iqtisadi, ticarət, enerji, süni intelekt və rəqəmsal infrastruktur, hərbi və tranzit əhəmiyyətli regional bağlantılar kimi geniş sferaları əhatə edir.

İlk addım olaraq SOCAR-la ABŞ-nin “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması oldu. Sənəd, şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirməklə yanaşı, Azərbaycan Respublikasında həm ənənəvi, həm də qeyri-ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir. 

Bu bir daha sübut edir ki, hazırda dünyanın 14 ölkəsinə mavi qaz nəql edən və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanla enerji sahəsində uzunmüddətli birgə əməkdaşlıq ABŞ üçün olduqca böyük əhəmiyyət kəsb edir.

Ölkəmiz üçün digər önəmli strateji qərarlardan biri də 1992-ci ildən bəri ABŞ tərəfindən haqsız şəkildə tətbiq edilən, keçmişin mənfi mirası – 907-ci düzəlişin ləğvidir ki, bu da olduqca önəmli tarixi hadisədir. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin statistik göstəricilərinə əsasən, Azərbaycan ABŞ-dən 20 milyon dollar yardım aldığı halda, bu göstərici Ermənistan üçün 92 milyon dollar, Gürcüstan üçün isə 180 milyon dollar təşkil etmişdir. Hazırda müharibə şəraitində olan və işğalla mübarizə aparan Ukrayna höküməti isə ABŞ-dən on milyardlarla dollar yardım almaqdadır. Lakin çox təəssüflər olsun ki, vaxtilə bu şəraitlə üzləşən Azərbaycan isə bu müddətdə tamam başqa münasibətlə qarşılaşmışdı.

Lakin erməni diasporlarının oyuncağına çevrilmiş öncəki ABŞ hökümətlərindən fərqli olaraq, Donalt Tramp administrasiyası 33 ildir qüvvədə olan və ABŞ qanunvericiliyinə, demokratiyaya qara ləkə gətirmiş bu yalnış və ədalətsiz qərarı ləğv etməklə ABŞ-Azərbaycan münasibətlərində itirilmiş güvən və etimadı bərpa etdi.

Beləliklə, yüksək liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyevin çoxşaxəli siyasi-diplomatik uğurları nəticəsində bu gün nəinki sülh prosesində, eyni zamanda Azərbaycan-Amerika münasibətlərində də yeni və parlaq səhifə açıldı.

Nəticə etibarilə, atılan bu addımlar, imzalanan sənədlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında tarixi sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazın gələcək siyasi-iqtisadi strukturunun formalaşmasına töhvə verəcəkdir.

Bu, yalnız münaqişənin sonu deyil, həm də haqq-ədalətin zəfəri – yeni əməkdaşlıq, inkişaf və sabitlik dövrünün başlanğıcıdır. 

Beləliklə, bu gün biz azərbaycanlılar qürurla deyə bilərik: Azərbaycan qalibdir – həm döyüşdə, həm də diplomatiyada!


Coşqun MƏMMƏDOV, 

AMEA Rəyasət Heyətinin elmi katibi




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi