2025-ci ilin yanvar-iyun aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında
2025-ci ilin yanvar-iyun aylarında 577 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,8 faiz azalaraq 812 nəfər olmuşdur. Onlardan 313-ü həlak olmuş, 499-u isə yaralanmışdır. Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isə toran vaxtı baş vermiş, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3 faiz azalaraq 472 nəfər olmuşdur.
Bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,9 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,7 faizini, yaralananların isə 70,9 faizini kişilər təşkil etmişdir.