lider-media.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Baxış: 32154 Tarix: 9-08-2025, 19:55

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan əhəmiyyətinə toxunulub. Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir. Söhbət zamanı Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması müsbət hadisə kimi qiymətləndirilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyi bildirilib.Telefon danışığı əsnasında Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi