Hər şey yaxşı olacaq idi
25
25 dekabr 2024-cü il. “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğraması xəbəri sürətlə dünyaya yayıldı. Təyyarənin göyərtəsində olan 37 Azərbaycan vətəndaşından 23-ü dünyasını dəyişdi, 14-ü sağ qaldı.
Təyyarədə bələdçi kimi fəaliyyət göstərən Hökumə son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışdı. Onun“Hamı kəmərlərini bağlasın, hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin. Hər şey yaxşı olacaq!" sözləri bir qadının ürəyində doğan ümid qığılcımı idi. Hökümə öz vəzifəsini xalqına sevgi ilə, ruhunu qataraq icra edirdi. Təyyarə yerə yön aldıqca, o, nəinki özünü düşünürdü, əksinə, sərnişinlərin qayğısına qalır, onları sakitləşdirməyə çalışırdı.
Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda dünyaya göz açıb. 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşdıqdan 3 il sonra, 1996-cı ildə Rusiyaya köçüb və bir müddət Volqoqrad vilayətində yaşayıblar. Hökumə burada 6-cı sinfə qədər təhsil alıb. Daha sonra ailəsi ilə birlikdə Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul imtahanından 612 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Aviasiya tariximizdə ilk qadın Milli qəhrəmanı Hökümə Əliyevanın qəza anında göstərdiyi cəsarət, səbr və möhkəm iradə təyyarədəki insanlara yaşamaq gücü verdi. Hökümənin saatlarla havada asılı qalan təyyarədə sərnişinlərə ümid dolu dediyi sözlər böyükdən kiçiyə hər kəsin yaddaşında dərin iz qoydu.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə demişdir: “Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. ...Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. ...Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi”.
Hökumə Azərbaycan boyda məmləkətin qəhrəmanına çevrildi. Cəsarəti ilə hər kəsə örnək olan Hökümə bir evdən yox, eldən getdi. Onun haqqında valideynlərinin, həyat yoldaşının, qardaşının söylədikləri fikirlər olduqca təsirlidir. Hökümənin anası Kəmalə xanım müsahibələrinin birində qəhrəman övladını belə xatırlayır: “İşini çox sevirdi. Deyirdi ki, məni işimdən ayırmaq olmaz. Mən həmişə internetdə təyyarə qəzalarına baxırdım, balamın hər gününə hazır idim, bilirdim balam belə olacaq. Deyirdim getmə, deyirdi ay ana mən hüquqşünas olmuşam, qorxduğum üçün bəlkə də məni aldadırdı, deyirdi istəsəm könüllü ölkələri gəzərəm. O, Hindistanın, İtaliyanın tarixi məkanlarında şəkillər çəkdirib gülə-gülə. Elə sevinirdi ki, ölkələri gəzir. Deyirdi ay ana mənimlə fəxr elə”.
Ekipajla vida mərasimində, atası Cəlil dayının göz yaşlarına boğularaq övladı haqqında söylədiyi sözlər hamımızı kövrəltdi: “...Bu ağır itkini mənimlə xalqım, dövlətim, millətim bərabər çəkir, onların hamısına təşəkkür edirəm, xalqımızın başı sağ olsun. Mən qızımla fəxr edirəm, qoy həmişə, daim yaşasın, mən onu çox istəyirəm...”.
Hökümənin həyat yoldaşı Etibar Əliyev də kövrək xatirələrini bölüşərək demişdir: “Ən gözəl sözlər desəm azdır, tərbiyəli, qanacaqlı, əxlaqlı, oturuşu-duruşu, geyimi, savadı, danışığı, qabiliyyəti, hər bacarığı, biliyi, elmi, haqqında nə desəm azdır. Dövlətə, vətənə xidmət etmək, dövlət qulluqçusu olmaq istəyirdi. ...Doktoranturanın son mərhələsində idi, bir məqaləsi çap olunmalı idi xaricdə. İşlə bağlı o qədər baş qarışıqlığı, yorğunluq olurdu deyə elmi fəaliyyətə vaxt ayıra bilmirdi”.
AZAL-ın əməkdaşı, təlimatçı təyyarə bələdçisi Arzu Süleymanovun Hökumə ilə bağlı xatirələrindən:"Mən "Embraer-190 HG" təyyarəsi bizim aviaşirkətdə istismara qəbul olunan gündən təlimatçı təyyarə bələdçisi kimi uçuşlar yerinə yetirmişəm. Kapitanımız İqor Kşnyakinlə 15 ilə yaxın birgə uçmuşam. Hökümə Əliyeva ilə düz 8 il bir çox uçuşlar həyata keçirmişik. İkinci pilotumuz Aleksandr Kalyaninov uçuşlara yenicə başladığı üçün onunla iki-üç birgə uçuşumuz olub. Hökumə xanımın böyük təyyarə bələdçisi vəzifəsinə imtahan verdiyi zaman mən ona belə bir sual vermişdim: "Hökumə xanım, fövqəladə hal baş versə, sərnişinlərə necə müraciət edəcəksiniz?" Onun cavabı tam olaraq belə olmuşdu:"Heyətimizə inanın, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Hökumə xanım sözünün üstündə durdu və dediyi kimi hərəkət etdi. Hökumə xanımla həmkar olduğum və ona təlim keçdiyim üçün fəxr edirəm. Onun cəsarətli hərəkətləri təkcə təyyarə bələdçisi peşəsinin nüfuzunu artırmadı, həm də təhlükəsizliyin hər şeydən üstün olduğunu bütün dünyaya bir daha sübut etdi".
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan təyyarə bələdçisi Hökumə Əliyevanın həyatı filmə çəkilib. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub. Polşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə adına təqaüd proqramı təsis edilib. Qazaxıstanda istehsal olunan hərbi xarakterli zirehli ambulans maşınına onun adı verilib.