Yaşıl iqtisadiyyata ədalətli keçid üzrə milli səviyyədə töhfələrin hazırlanması prosesinə dair seminar keçirilir
Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Bakı şəhərində “Milli səviyyədə müəyyən edilmiş töhfələrdə ədalətli keçidin həlli” mövzusunda texniki seminar keçirilir.
BƏT və aidiyyəti dövlət qurumlarının, sosial tərəfdaşların nümayəndələrinin iştirak etdiyi tədbir yaşıl iqtisadiyyata ədalətli keçid üzrə milli səviyyədə töhfələrin hazırlanma prosesi və ölkəmizdə ədalətli keçidə yönəlmiş əsas irəliləyişlərin müzakirəsi məqsədi daşıyıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Fuad Ələkbərov seminarın açılışında çıxış ediblər.
Yaşıl iqtisadiyyata ədalətli keçid prosesində insan kapitalının, yaşıl iş yerləri və bacarıqların inkişafı, layiqli əməyin təminatı məsələlərinin önəmindən bəhs olunub. Bu sahələrdə milli səviyyədə töhfələr olaraq aparılan işlər, əldə olunan irəliləyişlər qeyd edilib.
BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin videoformatda çıxışında ədalətli keçidin əmək və məşğulluq sahələri üzrə vacib prinsiplərini qeyd edib. BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyevin moderatorluq etdiyi seminarda Azərbaycanda yaşıl iqtisadiyyata ədalətli keçid üzrə əsas irəliləyişlər, milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanma prosesi və digər mövzularda çıxışlar edilib
Ölkəmizdə “yaşıl iqtisadiyyat”a keçid dövrünə xas olan işçi qüvvəsinin formalaşdırılması üçün aparılan işlər diqqətə çatdırılıb. Sosial müdafiə sisteminin gücləndirilməsi, əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində son illər əldə olunan mühüm uğurlar qeyd olunub.
Seminarda habelə “Hər kəs üçün ədalətli keçid” anlayışı, milli səviyyədə müəyyən edilmiş töhfələrin hazırlanması və həyata keçirilməsində onun əhəmiyyəti, BƏT tərəfindən Azərbaycanda həyata keçirilən tədbirlər barədə təqdimatlar edilməsi, mövzuya dair müzakirələr aparılması nəzərdə tutulub.