lider-media.az

Azərbaycanda Hərbi Donanma Günüdür

Baxış: 212 Tarix: Сегодня, 10:23

Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən  Port-Petrovsk limanına qaçırılmış və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdır. 

Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı. 

1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradıldı. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış  iki kanoner gəmisi –  “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paraxodu, həmçinin lazımi qədər kater var idi. 

Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məkəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradıldı. 

Texniki təminatın yaxşılaşdırılması məqsədilə Paris sülh konfransına təqdim olunmuş memorandumda donanmanın sualtı qayıqlar, lazımi qədər mərmi ehtiyatları və digər zəruri vəsaitlərlə təmin olunmasına köməklik olunması ilə bağlı müraciət olunmuş, 6 sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artileriya silahları sifariş olunmuşdu. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar  güclü hərbi donanmanın yaradılması mümkün olmadı.

Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin 9 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olundu. Sabiq SSRİ dövləti tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25% hərbi gəmilərinə sahib oldu.

26 iyul 1992-ci ildə “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırıldı və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başladı.  İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş  beş divizion və sahil bölmələri daxil oldu.  Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlandı. 

Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə  Dəniz Piyadası Taboru formalaşdırıldı. Ağdam-Tər-Tər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 19.04.1994-cü il tarixində cəbhə bölgəsinə göndərildi və 25 iyul 1994-cü il tarixində vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə döndü. 

4 noyabr 1997-ci il tarixli “Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında” qanuna əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edildi. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırıldı.

Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı hərbi əməkdaşlıq müqaviləsinə əsasən P-223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə olunmuşdur. 22 iyul 2000-ci ildə İzmir şəhərindən səfərə başlamış, 3 dövlətin (Türkiyə, Ukrayna, Rusiya) ərazisindən 5 dəniz (Egey, Mərmərə, Qara, Azov, Xəzər), 3 boğaz (Çanaqqala, İstanbul, Kerç), 2 çay (Don, Volqa) və onları birləşdirən 18 hovuzu keçərək 2345 dəniz mili məsafəni qət etmiş, 7 avqust 2000-ci ildə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən Hərbi Dəniz Qüvvələrinin əsas bazasına gətirilmişdir.

Hərbi Dəniz Qüvvələrinin Xüsusi təyinatlı mərkəzin şəxsi heyəti Türkiyə və ABŞ Dəniz Piyadaçıları ilə bir sıra birgə təlimlərdə iştirak etmişlər. Zabit kadrlarının ixtisas hazırlığının yüksəldilməsi məqsədilə bir sıra xarici ölkələrlə təcrübə mübadilələri aparılmış, zabit heyətinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunmuşdur. 

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, hər il avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd edilir.

Modern.az xəbər verir ki, 1918-ci ildə yaradılan Azərbaycanın ilk hərbi dəniz donanmasının tərkibində “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi olub. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.

1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsi Azərbaycana verilib və o vaxtdan ölkəmizin milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlayıb.

Bu sahənin inkişafında, xüsusilə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ümummilli Liderin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu istiqamətində, o cümlədən bu sahədə mühüm işlər həyata keçirilib.

4 noyabr 1997-ci il tarixli "Azərbaycan Respublikasının Hərbi Dəniz bayraqları haqqında" Qanuna əsasən, “Hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında Əsasnamə” qəbul edilib və 2000-ci il avqustun 7-dən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində qurumun bayrağı qaldırılıb.

Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir. Bu hərbi donanma ən müasir hərbi texnika ilə təchiz olunub, geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən, dənizdə, quruda, sahilyanı ərazilərdə, suyun altında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan dəniz piyadaları - xüsusi təyinatlılar 44 günlük Vətən müharibəsində aktiv iştirak ediblər. Onlar keçirdikləri əməliyyatlarda xeyli sayda düşməni məhv edib, hərbi qənimət götürüblər. Dəniz xüsusi təyinatlıları bir neçə yaşayış məntəqəsində, o cümlədən Qubadlı şəhərində Azərbaycan Bayrağını ucaldıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi