lider-media.az

Regional iqtisadi əməkdaşlıq strateji istiqamətlər üzrə genişləndirilir

Baxış: 190 Tarix: Вчера, 19:26

Türkiyədə Azərbaycan qazının Suriyaya ixracına başlanılması ilə bağlı tədbir keçirilib, Suriya və Qətərlə iqtisadi əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb. 

Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı olub. Tədbirdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin rəsmi şəxsləri və hökumət nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə bu ilin iyulunda Bakıda keçirdiyi görüşdə verilən tapşırıqlara uyğun olaraq qısa müddət ərzində layihənin reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqazla Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Azərbaycanın qlobal enerji xəritəsində artan rolunu nümayiş etdirən bu mühüm hadisə ölkəmizin qaz ixracı coğrafiyasının yeni strateji istiqamətlər üzrə genişləndirildiyini göstərir.

Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılış mərasimində iştirak edən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Türkiyədə bir sıra görüşlər keçirib.

Qətər İnkişaf Fondunun baş direktoru Fəhəd Həməd Al Suleyti ilə görüşdə Azərbaycan-Qətər əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkəmizlə iqtisadi əməkdaşlıq istiqamətləri, biznes əlaqələrinin gücləndirilməsi, enerji, ticarət və investisiyalar üzrə qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparılıb.

Suriya Ərəb Respublikasının energetika naziri Məhəmməd Əl-Bəşir ilə görüşdə Azərbaycandan Suriyaya təbii qaz nəqlinin region üçün əhəmiyyəti qeyd edilib. İkitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, enerji tərəfdaşlığının inkişafı və potensial layihələr nəzərdən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi