lider-media.az

Şirvanda yas mərasimlərində yemək verilməsinin dayandırılması ilə bağlı görüş keçirildi

Baxış: 2219 Tarix: 31-07-2025, 23:13

Şirvan şəhərində yas mərasimlərində ehsan süfrələrində yemək verilməsinin dayandırılması ilə bağlı görüş keçirildi

Şirvan şəhər ağsaqqallarının təşəbbüsü ilə 30 iyul 2025-ci il tarixində Şirvan bələdiyyəsinin inzibati binasında yas mərasimlərində ehsan süfrələrində yalnız yemək verilməsi ənənəsinin dayandırılması ilə bağlı geniş tərkibli görüş keçirildi.

Görüşdə şəhərin tanınmış ağsaqqalları, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edən ağsaqqallar və din xadimləri qeyd etdilər ki, yas mərasimlərinin əsas məqsədi mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə mərasimlərlə həyata keçirilməlidir. Onların sözlərinə görə, yalnız yemək verilməsi ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq xərc və sosial təzyiqə səbəb olur.

Çıxışlar zamanı xüsusilə vurğulanıb ki, təşəbbüs yalnız ehsan süfrələrində yemək verilməsinin dayandırılmasını nəzərdə tutur. Digər dini ayinlər – yasin oxunması, duaların edilməsi və anım mərasimləri əvvəlki qaydada davam etdirilə bilər və bu adətlər cəmiyyətin mənəvi dəyərlərinin bir hissəsi olaraq yaşadılmalıdır.

Ağsaqqalların və din xadimlərinin yekdil fikrinə əsasən, bu qərarın əsas məqsədi yas məclislərində israfçılığın qarşısının alınması, ailələrin üzərinə düşən əlavə maliyyə yükünün aradan qaldırılması və dini-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.

Görüşün sonunda qərara alındı ki, Şirvan şəhərində yas mərasimlərində yalnız yemək verilməsi ənənəsinə son qoyulsun, bununla bağlı şəhər əhalisi arasında maarifləndirmə işləri aparılsın və ictimaiyyətin dəstəyi ilə bu təşəbbüs mərhələli şəkildə həyata keçirilsin.

      Rasim Nəhmədov,

      Şirvan.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi