Göygöldə yerli at cinslərinin genetik irsinin qorunması mövzusuna həsr olunmuş seminar keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzində “Atlarda reproduktiv orqanların ultrasəs müayinəsi və süni mayalanmanın tətbiqi” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarın məqsədi Azərbaycanda atçılıq sahəsində müasir biotexnologiyaların tətbiqini genişləndirmək, Qarabağ, Dilboz və digər yerli at cinslərinin genetik irsini qorumaq və seleksiya işini təkmilləşdirməkdir.
Seminarda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, institutun mütəxəssisləri, dövlət aqrar inkişaf mərkəzlərinin rəhbərləri, Dilbaz Atçılıq Mərkəzinin direktoru Gülalı Gülalıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova, Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə, baytar həkimlər və süni mayalanma texnikləri iştirak ediblər.
Tədbirdə çıxış edən Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov Qarabağ və Dilboz atlarının Azərbaycan xalqının milli sərvəti olduğunu vurğulayıb. Azərbaycanda xüsusilə yerli cinslərdən olan Qarabağ atlarına marağın böyük olduğunu deyən Elton Əbdurəhmanov vurğulayıb ki, dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün mühüm işlər görülür.
Seminarda çıxış edən mütəxəssislər atçılığın inkişafı, yerli atların cins damazlıq tərkibinin qorunub saxlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib, belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Natiqlər at cinslərinin genetik xəritələndirilməsi, seleksiya proqramlarının inkişafı, süni mayalanmanın genişləndirilməsi və mütəxəssis hazırlığının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndirib, seminar iştirakçılarının suallarını cavablandırıblar.
Tədbir çərçivəsində atçılıq sahəsinə maraq göstərən baytar həkimlər və mütəxəssislər üçün təlim təşkil olunub. Xarici mütəxəssis atların reproduktiv sisteminin diaqnostikasında ultrasəs müayinələrinin rolu və süni mayalanmanın effektiv üsulları ilə bağlı təqdimat keçirib, bu sahədə nəzəri və praktik biliklərini bölüşüb. Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təababəti fakültəsinin, eləcə də Xəzər Universitetinin tələbələri iştirak ediblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, gələcək əməkdaşlıq və layihə imkanları ətrafında müzakirələr aparılıb.