lider-media.az

“Fransa deyər, Azərbaycan karvanı keçər” - Rəsmi Bakının möhkəm duruşu

Baxış: 2114 Tarix: Вчера, 22:42

fransa-deyer-azerbaycan-karvani-kecer

“Magen David Azərbaycan” - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin və Ümum İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov Fransa parlamenti tərəfindən qəbul olunan son qətnamə ilə bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o bildirib ki, həmin qətnamədə yer alan ittihamlar hüquqi əsasdan məhrumdur və beynəlxalq hüququn obyektiv prinsiplərinə ziddir:

“Azərbaycan dövləti, Vətən müharibəsi zamanı əsir götürülmüş erməni əsilli hərbçilərə qarşı humanizm nümayiş etdirərək onların hamısını azad etmiş, beynəlxalq humanitar hüquqa sadiqliyini sübut etmişdir. Bu faktla müqayisədə Fransanın irəli sürdüyü tələblər, ədalət meyarı ilə deyil, siyasi qərəz prizmasından qiymətləndirilə bilər.

Azərbaycanda həbsdə olan şəxslər hərbi əsir statusuna uyğun gəlmir. Onlar müharibədən 3 il sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə qanunsuz daxil olmuş, terrorçuluğun maliyyələşdirilməsi, dövlət sərhədini pozma və insanlıq əleyhinə cinayətlərdə ittiham olunmuşlar. Onlara münasibətdə aparılan məhkəmə prosesi Azərbaycan Respublikasının suveren hüququ və daxili hüquq sisteminin qanuni bir parçasıdır”.

O, Fransa tərəfinin bu məhkəmə proseslərini “qondarma” adlandırmasına belə münasibət bildirib:

“Bu cür ifadələr, beynəlxalq hüquqda qəbul olunmuş suverenlik prinsipinə ziddir. Bir dövlətin daxili məhkəmə prosesinə xarici parlamentin “qondarma” deməsi BMT Nizamnaməsinin 2(7)-ci maddəsinə, yəni “dövlətlərin daxili işlərinə qarışmama” prinsipinə açıq şəkildə ziddir. Hüquq müdafiəçisi olaraq deyirəm: hüquq təkcə məhkəmə zalında yox, düşüncədə və dəyərlərdə də qorunmalıdır.

Tarix boyu imperiyaların zəiflədiyi yerdə bəzən əski güc simvolları vasitəsilə üstünlük iddiaları yenidən bərpa olunmağa çalışılır. Fransa kimi dövlətlərin belə yanaşmaları siyasi simvolizmdən irəli gəlir. Amma bir fəlsəfi həqiqət var: əzab çəkmiş bir xalqın ədalətə çatmaq yoluna heç bir simvol mane ola bilməz.

Azərbaycanın dövlət iradəsi bir karvana bənzəyir: qarşısına çıxan maneələrə baxmayaraq yoluna davam edir. Hətta, Fransa etiraz edəndə belə, Azərbaycanın karvanı keçir, çünki onun yükü haqq və ədalətdir”.

David Seliverstov vurğulayıb ki, qətnamədə Azərbaycan əleyhinə irəli sürülən 7 bənddən ibarət tələblər hüquqi çərçivədən çox, siyasi manipulyasiya və diplomatik təzyiq alətidir. Onlar beynəlxalq hüququn əsas prinsiplərinə – dövlətlərin bərabərliyi, daxili işlərinə qarışmama və ədalətli məhkəmə prinsipinə ziddir:

“Ədalət siyasi şərhlərlə deyil, sübut və hüquqi proseslə təmin olunur. Bu tələblər ədaləti təhrif edir, hüququ öz siyasi məqsədləri üçün əyir.

Azərbaycan artıq mövqe tutub – hüququn, suverenliyin və tarixi ədalətin tərəfində. Ölkə beynəlxalq hüququn daşıyıcısı olaraq, istintaq və məhkəmə işlərini şəffaf və qanuni şəkildə aparır. Biz hüquq müdafiəçiləri olaraq tələb edirik: beynəlxalq ictimaiyyət bu prosesi qərəzsiz şəkildə qiymətləndirsin, hüququ siyasi intriqaların alətinə çevirməsin.

Unudulmamalıdır: ədalət güc deyil, haqqa əsaslandıqda qalıcı olur. Və haqlı olanın karvanı – bəziləri etiraz etsə də, yoluna davam edər”.

David Seliverstov – “Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Asosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri, Beynəlxalq hüquq müdafiəçisi.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi