Qızılcaya yoluxmanın əsas səbəbi peyvənd olunmamaqdır
Xeyli vaxtdır ki, infeksion xəstəlik olan qızılcanın uşaqlar, eləcə də böyüklər arasında yayılması müşahidə edilir. Həkimlər deyirlər ki, 1 yaşdan 8 yaş arası uşaqlar qızılcaya ən həssas qrup hesab olunur.
AZƏRTAC xəbər verir ki, xəstəliyin ilkin əlamətləri barədə danışan həkim-pediatr Rədilə Mustafayeva deyib: “Uşaqda yaranan quru öskürək, gözdə konyunktivit, kataral əlamətlər - qızdırma və s. başladıqda qızılcaya şübhə yarana bilər. Qızılca ağırlaşmaya meyilli xəstəlik olduğundan uşaqlarda çəkidən geriqalma, qidadan imtina, su və maye qəbul etməmək, güclü halsızlıq, baş ağrıları kimi əlamətlər varsa, valideynlər dərhal onun stasionar şəraitdə müalicə olunması üçün xəstəxanaya müraciət etməlidirlər”.
Qızılcaya yoluxma bütün yaş qruplarında baş verə bilər. Bunun başlıca səbəbi peyvənd olunmamaqdır. Mütəxəssislər deyirlər ki, evdə xəstəlik ağır keçməklə yanaşı, ciddi fəsadlar da yarada bilər. Xəstəlik zamanı ağırlaşma halı yoxdursa, antibiotiklərdən istifadə tövsiyə olunmur.
Həkim-infeksionist İlhamə Şirinova deyib: “Qızılca xəstəliyinin fəsadlarına böyüklərdə daha çox rast gəlinir. Həmin hallara ağır pnevmoniyalar, orta qulağın otiti, meningit, meningosefalit, gözün buynuz qişasının zədələnməsi və s. daxildir”.
Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə peyvənd gətirilib. Hazırda bütün poliklinikalarda 11-40 yaşında olan əhali arasında peyvənd aparılır. Peyvənd qızılcaya yoluxmayanlara və vaxtında peyvənd edilməyənlərə vurulur. Ağır nəticələrin baş verməməsi üçün vaxtında peyvənd olunmaq mütləq şərtdir. Peyvəndlənmə dövlət hesabına və ödənişsiz aparılır.