FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) kəskin hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Nazirlikdənverilən məlumata görə, müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan soyuq və küləkli hava şəraiti yaxın günlər ərzində davam edəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq. Soyuq və yağıntılı, eləcə də küləkli hava şəraiti həm də ciddi yanğın təhlükəsi yaradır.
Belə ki, bu hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.
Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.