Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi.
Türkiyə dövlətinə qarşı yönəlmiş bu məkrli planın önlənməsi Sizin liderliyiniz, böyük fədakarlığınız və xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində mümkün olmuşdur. Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.
Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız. Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu.
Əziz Qardaşım,
Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2025-ci il