lider-media.az

Şirvan şəhərində “14 iyul 1969: Heydər Əliyev – tərəqqi yolunun başlanğıcı” mövzusunda tədbir

Baxış: 464 Tarix: 14-07-2025, 20:17

İyulun 14-də Şirvan Şəhər İcra Hakimiyyəti və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “14 iyul 1969: Heydər Əliyev – tərəqqi yolunun başlanğıcı” mövzusunda konfrans keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş çox maraqlı foto-sərgiyə baxış keçirilib.

YAP Şirvan şəhər təşkilatının konfrans zalında davam edən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “14 iyul 1969: Heydər Əliyev – tərəqqi yolunun başlanğıcı” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Qeyd edib ki, böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.

İlqar Abbasov vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanın tarixi nailiyyətlərə yiyələnməsini, o cümlədən Zəfər zirvəsini fəth etməsini mümkün etdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Heydər Əliyev əbədiyaşar ideyalarının təntənəsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin real nəticəsidir. Buna görə də, dövlət başçısı cənab İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyən Azərbaycan xalqı Heydər Əliyevin müstəsna xidmətlərini daim yüksək dəyərləndirir.

Bu siyasi kursun ayrılmaz hissəsi kimi, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva da sosial, humanitar və mədəni sahələrdə genişmiqyaslı fəaliyyət göstərərək dövlət başçısının müəyyən etdiyi inkişaf xəttinə mühüm töhfələr verir. Onların birgə fəaliyyəti ölkəmizdə həm siyasi sabitliyi, həm də cəmiyyətin rifahını təmin edən güclü vəhdət nümunəsidir.

Sonra çıxış edən YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər 20 nömrəli tam orta məktəbin tarix müəllimi Yaxşıxanım Süleymanova, Şirvan Regional Qeyri-hökumət təşkilatlarının Resurs, Təlim Mərkəzinin direktoru Əli Mirzəyev və “Kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına sosial-mənəvi dəstək” İctimai Birliyinin sədri Təranə Əhməd Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat verərək, 1969-cu ilin 14 iyul tarixinin Azərbaycan xalqı və dövləti üçün adi bir təqvim gününü ifadə edən tarix deyil, Azərbaycanın dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biri, tərəqqi yolunun, intibahın və yüksəlişin başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunduğunu diqqətə çatdırıblar.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əyilməz iradə” sənədli film nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi