lider-media.az

COP29 – Azərbaycanın yaşıl dünya naminə həmrəylik çağırışı

Baxış sayı: 286 Tarix: 4-05-2024, 12:29

      Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq miqyasda baş verən müxtəlif hadisələrə öz ədalətli mövqeyini nümayiş etdirən,  iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi sahəsində görüləcək işlərin daha da sürətləndirilməsinə fəal dəstək verən bir ölkədir.

     "Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində bildirib. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlərimiz, eyni zamanda, Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi qeyd edən dövlət başçısı deyib: "Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır".

     Postmüharibə dövründən sonra Azərbaycanın yaratdığı reallıqları ehtiva edən məsələlərin geniş şəkildə müzakirə edidiyi belə bir mötəbər forumun COP29 ərəfəsində keçirilməsi Azərbaycana diqqətin artmasına vəsilə olacaq. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Dinamik inkişafa nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyəti tərəfindən təqdir edilir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaltmağı hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti işğaldan azad edilmiş torpaqları "yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Bütün bunlar dövlətimizin ətraf mühitin qorunmasına verdiyi töhfələrdir.

      BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ekoloji fəaliyyəti daha da aktivləşdirib. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Hər iki mühüm hadisə ətraf mühitin mühafizəsi sahəsində görüləcək işlərin daha da sürətləndirilməsinə stimul verəcək.

     Ölkəmizin müstəqillik tarixinə  diqqət etsək, birmənalı şəkildə və əminliklə deyə bilərik ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu bir daha təsdiq edir. Tarixi Zəfərimizdən sonra regionda yaranan yeni reallıqlar fonunda Azərbaycanın sosial-iqtisadi və siyasi uğurları qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidentinin qənaətinə görə, inkişafın bütün sahələri əhatə etməsi üçün sağlam insan konsepsiyasına sadiqlik, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və davamlı inkişaf zərurətdir.

    Qlobal istiləşmə haqqında 1975-ci ildən, ekoloqlar orta temperaturun dəyişməsini qeyd etməyə başlayandan bəri mövzu ilə bağlı kifayət qədər danışılır. İqlim dəyişmələri indi hər bir ölkəyə təsir edir. Bu, milli iqtisadiyyatları pozur, insanlara, icmalara və ölkələrə baha başa gəlir. İnsanlar iqlim dəyişmələrinin əhəmiyyətli təsirlərini, o cümlədən hava şəraitinin dəyişməsi, dəniz səviyyəsinin qalxması və daha çox ekstremal hava hadisələri ilə yaşayırlar. Ölkələrin iqlim dəyişmələri ilə bağlı işini tənzimləyən ilk sənəd - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ildə istixana emissiyalarının azaldılması və ya sabitləşdirilməsini tələb edən Kioto Protokolu isə 1997-ci ildə qəbul edilmişdir. 2015-ci ildə 200-ə yaxın ölkə Paris İqlim Sazişini imzalamış, Azərbaycan 2016-cı ildə rəsmi olaraq bu Sazişə qoşulmuşdur. Saziş istixana qazı tullantılarını və insan fəaliyyətinin yaratdığı iqlim dəyişmələri təhlükəsini azaltmaq üçün qlobal hədəf və fəaliyyət çağırışını ortaya qoyur. Bu baxımdan iqlim dəyişmələrinin nəticələri ilə mübarizə aparmaq üçün inteqrasiya olunmuş yanaşma və dünya liderlərinin birgə səyləri lazımdır.

       Azərbaycan bəşəriyyəti narahat edən aktual qlobal problemlərin həllində fəal iştirak etməyi vacib hesab edir. Çünki ölkəmiz 30 il ərzində işğalçı Ermənistanın yürütdüyü ekosid siyasətindən əziyyət çəkib, onun flora və faunası, su hövzələri, çayları həmin dövrdə sözün əsl mənasında barbar münasibətə məruz qalıb. Azərbaycan ekoloji terrorla üzləşmiş ölkədir. Bu mənada, ekoloji fəsadlar və iqlim dəyişmələri ölkəmiz üçün də əsas qlobal problemdir. Qlobal istiləşmə prosesini ləngitmək üçün atmosferə buraxılan istixana qazı tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. Məhz buna görə indi bir çox ölkələr "sıfır emissiya"ya nail olmaq niyyətində olduqlarını bəyan edirlər. Ona görə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ekoloji problemlərə və iqlim dəyişmələrinə daha çox diqqət ayıran, bu istiqamətdə beynəlxalq təşəbbbüsləri fəal surətdə dəstəkləyən ölkə də məhz Azərbaycandır. Elə BMT-nin məhz bu amili əsas götürərək COP29-un ölkəmizdə keçirilməsi qərarı həqiqətən də əlamətdar hadisədir.

     Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Ölkəmizdə ildən-ilə sürətlənən və miqyası genişlənən ətraf mühitin mühafizəsi tədbirlərinə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuqla dəstək göstərilməsinin nəticəsidir ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinə qərar verildi. Bu, həm də Azərbaycanın, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən həmin tədbirin də digər beynəlxalq konfrans və sammitlər kimi uğurla təşkil ediləcəyinə şübhə yoxdur. 2024-cü ildə qlobal iqlim dəyişmələri ilə mübarizədə Azərbaycan digər ölkələrə örnək addımlarla yadda qalacaq.

     Hər bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkan və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi də çıxış edir. Ölkəmizdə beynəlxalq təşkilatların çoxsaylı siyasi, iqtisadi və humanitar mövzulara həsr olunmuş tədbirləri keçirilir. COP29 Azərbaycanın bu nümunəvi təcrübəsinə, potensialına və perspektivlərinə nəzər salmaq imkanı yaradacaq. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb. Dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişmələri məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. İnkişaf etmiş dövlətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərməklə bağlı öhdəliklərini yerinə yetirməlidirlər.

    Bu gün Azərbaycan da sülh tərəfdarı kimi dünyanın əsas qlobal problemlərdən olan iqlim dəyişikliyinin ortaya çıxardığı çətinliklərdən çıxış yolu üçün  əsaslı şəkildə fəaliyyət göstərir və bu istiqamətdə dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlıqları yaşıl dünya naminə daha da gücləndirir.


Lider-media.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi