Böyük Qayıdışın firavanlığa aparan yolu: Əhmədbəyli-Füzuli-Şuşa
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri 2020-ci ildə yazıldı. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti və xalqın birliyi sayəsində reallaşdı. Bu Qələbə təkcə işğal altındakı torpaqlarımızın azad olunması ilə yekunlaşmadı – onun ardınca bərpa, quruculuq və inkişaf mərhələsi başlandı. Bu mərhələnin ən rəmzi simvollarından biri isə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yoludur. Prezident İlham Əliyevin “Şuşaya gedən yol” deyə tanıtdığı bu magistral, müharibədən dərhal sonra ilk başlanılan infrastruktur layihələrindən biri oldu.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda çəkilən yollar, inşa edilən binalar, salınan yeni yaşayış məntəqələri Azərbaycan dövlətinin gücünü, liderin qətiyyətini və xalqın iradəsini göstərir. Prezident İlham Əliyevin "biz buraya qayıtdıq, əbədi yaşayacağıq və bu torpaqları cənnətə çevirəcəyik" fikri artıq real həyatda öz təsdiqini tapır.
İyulun 3-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Görülmüş işlər barədə dövlət başçısına verilən məlumatda bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol əvvəlki məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.
Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Prezident İlham Əliyev hər zaman bəyan etmişdir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri azad olunmaqla yanaşı, Azərbaycanın ayrılmaz hissəsi kimi inkişaf etməli, çiçəklənməli və yenidən canlanmalıdır. Məhz bu baxışın nəticəsidir ki, 2020-ci ilin noyabrından etibarən azad edilmiş torpaqlarda infrastruktur layihələrinə start verildi və ilk layihələrdən biri məhz Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu oldu.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və inşası prosesində Prezident İlham Əliyev şəxsən iştirak etmiş, mütəmadi olaraq inşaat meydançalarına baş çəkmiş, görülən işlərlə yerində tanış olmuşdur. Bu, dövlət başçısının Qarabağın dirçəlişi məsələsinə nə dərəcədə önəm verdiyini bir daha nümayiş etdirmişdir. Tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq yeni texnologiyalardan istifadə edilib. Yeni yol infrastrukturu ölkəmizin bölgələri ilə nəqliyyat əlaqələrinin yaxşılaşmasını təmin etməklə ölkəmizə çox böyük imkanlar qazandıracaq.
Bəzən bir yol sadəcə bir məsafəni qət etmək üçün çəkilmir. Bəzən bir yol – tarixə yazılan imzadır, dövlətçilik ideyasının simvoludur, xalqla liderin qovuşduğu müqəddəs izdir. Əhmədbəyli–Füzuli–Şuşa yolu məhz belə bir yoldur – Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin canlı təcəssümüdür. Bu yol 30 il həsrəti çəkilmiş, dağıdılmış, tapdanmış torpaqlara qürurla, şərəflə, başı dik qayıdış yoludur. Bu yol, əslində, yalnız asfalt və betonla yox – milli qürur ilə, Ali Baş Komandanın siyasi iradəsi, xalqın birliyi ilə çəkilmişdir.
Əhmədbəylidən başlayan bu yol Füzulinin bərəkətli torpaqlarını qucaqlayaraq, sıldırım qayaların qoynunda ucalan Şuşaya doğru uzanır. Və uzaqdan görünür Şuşa – sabahın gözlərində parlayan bir ulduz kimi. Yol bitmir,yol yeni başlanır. Çünki bu yol – qəlblərin Şuşaya qovuşduğu yoldur. Bu yol – Vətənin öz övladlarına “xoş gəldiniz” dediyi yoldur. Bu yolun hər metrində bir nəfəs, hər addımında bir dua var. Yol boyunca yeni körpülər, tunellər, abadlaşdırılan məntəqələr, həyatın yenidən doğulduğunu göstərir. Təbiət də bu qayıdışa sevinir.
Əhmədbəyli-Füzuli-Şuşa yolu yalnız fiziki olaraq şəhərlərimizi birləşdirmir – o, ürəkləri birləşdirir, keçmişlə gələcək arasında körpü salır. Vətənə dönən hər addımda bir yurd qoxusu, bir azadlıq nəfəsi duyulur. Bəzən maşınların səsi səssizliyi pozur, amma bu səs də musiqi kimidir – azadlığın simfoniyası, qürurun ritmidir. Yol irəliləyir – zaman kimi, tale kimi. O bizi doğma Şuşaya aparır. Dağların qoynunda qərar tutan bu şəhər, indi daha əlçatandır. Çünki artıq o bizə məxsusdur. Çünki artıq o azaddır. İlham Əliyevin müdrik siyasəti nəticəsində azad olunmuş torpaqlar yalnız hərbi yox, siyasi, iqtisadi və mədəni müstəvidə də dirçəlir. Şəhidlərimizin qanı ilə suvarılmış torpaqlar üzərində çəkilən bu yol, liderin sabaha baxışını, quruculuq iradəsini və xalqın gələcəyinə inamını özündə əks etdirir.
Nurəngiz Adilqızı.