lider-media.az

Berkli Kaliforniya Universitetində” Akademiya və İnnovasiya Forumu” keçirilib

Baxış: 2319 Tarix: 30-06-2025, 16:21

İyunun 26-27-də Kaliforniya ştatının Berkli Universitetində “Akademiya və İnnovasiya Forumu” keçirilib. 
Lider-media.az Azərbaycanın Los Ancelesdəki Baş konsulluğuna istinadla bildirir ki, tədbir Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkli Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə təşkil edilib. 
İki gün davam edən tədbirdə ABŞ-nin müxtəlif akademik ocaqlarında çalışan azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri və yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, amerikalı alimlər və startap nümayəndələri, habelə Azərbaycanda təhsil və innovasiya sahəsində çalışanlar iştirak ediblər.
Forumun məqsədi təhsil və innovasiya müstəvisində çağırış və imkanların müzakirəsi, Azərbaycan və ABŞ-dəkı akademik dairələr və innovasiya mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan əsilli alim və peşəkarlar arasında şəbəkələşmənin genişləndirilməsidir. 
Tədbirdə Azərbaycanlı Alimlər Şəbəkəsinin rəhbəri, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı fakültəsinin dekan müavini Sevinc Məmmədova açılış nitqi ilə çıxış edərək innovasiyanın mərkəzi sayılan Kaliforniyada akademik tədqiqat və innovasiya iştirakçılarını məhsuldar müzakirələrə dəvət edib. 
Daha sonra Silikon Vadisində tanınmış professor Dr. Marguerite Gong Hancock və təhsil sahəsində tanınmış professor, Corc Vaşinqton Universitetinin dekanı Dr. Michael Feuer əsas natiq qismində çıxış ediblər. 
Forumun 1-ci günündə müxtəlif panellər və “Power Talk” sessiyaları çərçivəsində akademiyanın dəyişən dünyadakı rolu, təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması, 2-ci günündə isə ictimai faydaya yönəlik elmi yanaşmalar müzakirə olundu. Həmin gün həm də indiyədək fərdi şəkildə təhsil, texnologiya və digər sahələrdə Azərbaycanlı tələbələr və mütəxəssislərə müxtəlif yollarla töhfə vermiş şəxslərin təqdimatları nümayiş olunub.
Tədbirin sonunda Azərbaycanlı alim və mütəxəssislər tərəfindən icmanın inkişafına töhfələr, real təcrübələr və gələcək əməkdaşlıq imkanları təqdim edildi və bundan sonra bu cürə təşəbbüslərə  qoşulmaq istəyən üçün yeni platformanın təqdimatı edildi.
Forum çərçivəsində qonaqlar üçün Berkli Universitetinin Klubunda qala ziyafət təşkil olunub. Ziyafətdə ləziz təamlarla yanaşı Azərbaycanlı musiqiçilərin ifasında milli musiqi nömrələri təqdim edilib. 
100-dək iştirakçının qatıldığı tədbirin təşkilatçıları foruma sponsorluq etmiş bütün tərəfdaşlara təşəkkür ediblər.
Qeyd edək ki, dünyaca məşhur azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 1959–1991-ci illərdə Kaliforniya Berkli Universitetinin (UC Berkeley) Elektrik Mühəndisliyi və Kompüter Elmləri fakültəsində professor kimi fəaliyyət göstərib. O, 1973-cü ildə təqdim etdiyi qeyri-səlis məntiq (fuzzy logic) konsepsiyası ilə elm aləmində inqilabi yeniliyə imza atmış və bu nəzəriyyə süni intellekt, avtomatlaşdırma, idarəetmə sistemləri və informasiya texnologiyaları sahələrində geniş tətbiq olunmağa başlayıb. 


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi