Azərbaycan Silahlı Qüvvələri – Qürurumuz, Gücümüz
İyunun 26-sı... Bu tarix Azərbaycan xalqının qürur günüdür. Bu gün Silahlı Qüvvələrimizin – qəhrəman əsgər və zabitlərimizin, Vətən üçün canından keçməyə hazır olan igidlərin bayramıdır. Bu tarix, həm də Azərbaycanın müstəqilliyinin qorunması və orduya verilən önəmin simvoludur.
Ulu öndər Heydər Əliyev deyib: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalııdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Hər bir dövlətin müstəqilliyini və mühafizəsini təmin edən əsas amillərdən biri Ordudur. Müstəqil dövlətin Ordusu onun mövcudluğunun vacib şərtidir. Bu baxımdan da Azərbaycan dövləti yarandığı gündən Milli Ordunun formalaşdırılması təmin edilib. Sözsüz ki, 1918-ci ilin 28 Mayında öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti cəmi bir ay sonra Milli Ordunun yaranmasına nail oldu. Amma çox təəssüf ki, Azərbaycan Xalq Cumhuriyyətinin 1920-ci ilin 28 aprel tarixində istilası ilə ölkəmizdə formalaşmaqda olan ordu quruculuğu prosesi də yarımçıq qaldı. 70 ilə yaxın Azərbaycan sovetlərin tərkibində olmasına baxmayaraq, xalqın ordu, silahlı qüvvələr, əsgər anlayışı yaddan çıxmadı. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri ilə xalqımızın ordu quruculuğu anlayışına yeni bir nəfəs verildi. Bu mənada ölkəmizdə Silahlı Qüvvələrin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi təmin edildi. Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksinin də yaradılması ilə ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilməyə başlanıldı. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Bütün bunların nəticəsi olaraq rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi əməliyyatla göstərdi. Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atıldı.
Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilən silahlı birləşmələr, diversiya qrupları vaxtaşırı olaraq təxribatlar və terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. Bu il sentyabrın 18-də erməni silahlı birləşmələrinin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşları şəhid oldu. Buna cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutka davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, Ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik bağlandı.
Azərbaycan ordusunun inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı mütəmadi olaraq Müdafiə Nazirliyinin komando hərbi hissələrinə baş çəkir, yaradılan şəraitlə tanış olur, hərbi hissələrə Döyüş bayrağını təqdim edir. Komando Qüvvələrinin yaradılması Ordunun döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biridir. Xüsusi vurğulamaq lazımdır ki, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti – bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə artırılıb.
Bu gün Azərbaycan Ordusunun gücü beynəlxalq aləm tərəfindən etiraf edilir. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Azərbaycan hərbi sahədə bir çox dövlətlərlə əməkdaşlıq edir. Qardaş ölkə Türkiyə isə həmin dövlətlər arasında xüsusi fərqlənir. Belə ki, bu gün Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradır. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir.
2023-çü il oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq. İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı.
Bütün bunlar bir daha onu göstərir ki, müharibənin başa çatmasından dərhal sonra Ordumuzun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşıya qoyulan əsas prioritetlərdən biridir. Bu sahədə görülən işlər Azərbaycan Ordusuna bundan sonra da regionun ən güclü, qalib ordusu statusunu qoruyub saxlamağa imkan verəcək. Bu gün Azərbaycan Ordusu sözün əsl mənasında milli qürur mənbəyimiz və güvənc yerimizdir. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizə xain gözlərlə baxan istənilən düşməni məhv etmək qüdrətinə malikdir.
Bu gün Silahlı Qüvvələrimizin yaranmasının 107-ci ili tamam olur. Bu tarix ordumuzun şanlı keçmişini, parlaq bu gününü və əmin gələcəyini bir araya gətirir. Fürsətdən istifadə edib Silahlı Qüvvələr Günü münasibətilə bütün əsgər və zabitlərimizi, qazilərimizi ürəkdən təbrik edir, onlara ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması kimi şərəfli missiyanı davam etdirmək naminə sarsılmaz güc və qələbə əzmi arzulayırıq.
Yaşasın Müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu!
Nurəngiz Adilqızı.