23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
Hər il Azərbaycanda iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli "Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Xatırladaq ki, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları öz bayramlarını 2006-cı ildən etibarən təntətnəli şəkildə qeyd edirlər.Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır.
Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya" təsdiq edilmişdir. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.
Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini daha da artırır. Dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. İnsanlar öz gündəlik həyatlarında rastlaşdıqları problemlərin həllində dövlət qulluqçularına böyük ümid bəsləyirlər. Dövlət qulluqçusu da, öz növbəsində, ona bəslənən ümidləri doğrultmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir… Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilir.
Respublikamızda ilk dəfə olaraq ümummilli lider Heydər Əliyev tərəfindən 21 iyul 2000-ci il tarixdə "Dövlət qulluğu haqqında" Qanunla dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin və eyni zamanda məsuliyyət hissinin artırılması təsis edilmişdir. Bu qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.
Dövlət qulluğu haqqında qəbul edilmiş bu qanun dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və onların hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq, müvafiq vəzifələrin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır. Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti - dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri realizə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaqdır.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev müasir dövlət qulluğu sisteminin uğurla inkişafını da diqqət mərkəzində saxlayır. Bu sahədə mühüm addımlardan biri kadr islahatlarıdır.
İdarəçilik sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması, səmərəli kadr hazırlığı və rəqabətli mühitin yaradılması Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir.