lider-media.az

İnam və iftixar yaradan xilas günü

Baxış: 8 Tarix: 15-06-2025, 10:21

15 iyun - bu gün qəlbimizdə bir fəxarət, ruhumuzda isə böyük sevinc var. Çünki mübariz xalqımızın qurtuluşu, yenidən doğuşu, gələcəyə inamı, ümidlərin reallaşdığı gündür. 15 iyun eyni zamanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını və ölkənin siyasi böhrandan çıxmasını simvollaşdırır.

Müasir tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşamış, hadisələrin şahidi olanların yaddaşında bu gün əsl qurtuluş tarixi kimi həkk olunub. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan müdrik insan - ulu öndər Heydər Əliyevdir!

1992-1993-cü illərdə Azərbaycanın müstəqilliyyini istəməyən bəzi məkrli dairələr ölkəmizi zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün əli ilə məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürükləyirdi. Regionda strateji marağı olan qüvvələr tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı. 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşərək vətəndaş müharibəsi həddinə çatmışdı. Artıq Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmurdular. Həmin gün Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi silahlı birləşmələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. AXC-Müsavat iqtidarının göstərişi ilə keçmiş korpus komandiri Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuzluqla nəticələndi, ümumilikdə 35 nəfər həlak oldu. İyunun 8-də S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başladılar.

AXC-Müsavat hakimiyyətinin başabəla rəhbərləri tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq idi. Lakin həmin vaxt ölkəyə rəhbərlik edənlərin heç biri hadisə yerinə getməmişdi. Bunu Milli Məclisdə yaradılmış 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən Deputat-İstintaq Komissiyası da öz rəyində bildirmişdi. Komissiyanın hazırladığı arayışda qeyd edilirdi ki, 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda, respublikanın rəhbər vəzifəli şəxsləri hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbir həyata keçirməmişlər.

Gəncə hadisələrindən sonra respublikadakı mövcud siyasi və hərbi vəziyyət daha da gərginləşmiş, hətta hərbi hissələrdə fərarilik, nizamsızlıq artmışdı. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, sonradan onların işğalı ilə nəticələnmişdi.

Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat hakimiyyətinin nümayəndələri o zaman kömək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciətlər etdilər. Onlar bilirdilər ki, ölkəni belə ağır vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər. Azərbaycanın dahi şəxsiyyəti, ümummilli lider ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən böyük İnsan həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi.

Xalqın belə ağır məqamında dünyaşöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışı anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin özbaşınalıqlarına son qoydu.

Ümummilli Lider Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində demişdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

O ağır günlərdə xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanların qəlbində böyük inam yaratdı, dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı. Bütün baş verənlər bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etməkdən daha çətindir. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi respublikamızın həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcı idi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü ölkəmizdə bayram elan etdi.  Ümummilli lider Heydər Əliyev deyirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur, dövlətçilik xalqın "ölüm, ya olum" məsələsidir. Ulu öndərin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, xaosdan qurtuluş deməkdir.

Şimaldan, cənubdan və qərbdən çirkin əllərini ölkəmizə uzadan mənfur niyyətli məkrli siyasətbazların qarşısına möhkəm bir sədd çəkildi. Heydər Əliyev bütöv bir xalqın məsuliyyətini öz üzərinə götürdü və dağılmaq üzrə olan, parçalanan Azərbaycanı birləşdirdi.

Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezident İlham Əliyevdir. Böyük türk dünyasının dahi şəxsiyyətlərindən biri Çingiz Aytmatovun dili ilə desək, Prezident İlham Əliyev qloballaşan dünyanın müasir lideridir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Dövlət başçısının apardığı dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi doğurur. Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi rifah halının yaxşılaşmasına xidmət edir, ölkəmizin sürətli tərəqqi yolu ilə inamla addımlamasının əyani sübutudur.

Xüsusilə vurğulamaq lazımdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycanın qazandığı tarixi Zəfər məhz Milli Qurtuluşun təntənəsidir. Bu böyük Qələbənin nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazandı, qətiyyətli, qüdrətli dövlət olduğunu bir daha təsdiq etdi. Erməni vəhşiliyinin qurbanına çevrilmiş torpaqlarımızda yeni şəhərlərin, kəndlərin müasir, innovativ şəkildə qurulması, qazandığımız Zəfərin böyüklüyünü ehtiva edir. Düşmənin 30 ildə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misli görünməmiş quruculuq işləri dövlətimizin qüdrətinin göstəricisidir.

Bəli, dövlətimiz günü-gündən güclənir, qüdrətlənir. Adı Azərbaycanla bərabər çəkilən Ulu Öndərin irsi isə xalqımızın ən qiymətli sərvətidir. Heydər Əliyev xalqın taleyini dəyişən böyük şəxsiyyət idi. Qaranlıq günlərdə işıq oldu, ümidsiz vaxtlarda ümid verdi. Hər sözündə, hər addımında gələcəyin planı, hər baxışında vətən sevgisi vardı. Onun əzmkarlığı, müdrikliyi, sarsılmaz iradəsi sayəsində Azərbaycan öz azadlığını, müstəqilliyini möhkəmləndirdi. Vətən sevgisi onun qanında, ruhunda idi. Hər zaman xalqının yanında oldu, bütün varlığını vətəninə bağışladı. Qəlbindəki vətən sevgisi ilə qaranlıqdan azadlığa körpü saldı. Heydər Əliyev müstəqilliyi qorumaq üçün əsaslar yaratdı, gələcək nəsillərə əmanət etdi. Qoyduğu ideyalar, prinsiplər bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bizi parlaq gələcəyə aparır.

Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi