lider-media.az

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına

Baxış: 3 Tarix: 13-06-2025, 10:54

Hörmətli Konqres iştirakçıları!

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.

İnsanların getdikcə daha sıx qarşılaşdıqları sağlamlıq problemlərinə diqqətin artırılması məqsədilə aktual mövzulu ilk belə tədbirin ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır və bunu, Azərbaycanda onkoloji xidmətin ötən illər ərzində keçdiyi uğurlu yola, imza atdığı nailiyyətlərə verilən dəyərin xüsusi ifadəsi hesab edirəm.

Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulları üçün kifayət qədər geniş imkanlar yaradan zəngin maddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialına malikdir. Respublikamızda səhiyyənin ayrı-ayrı sahələrinin sürətli inkişafını nəzərdə tutan layihələr və dövlət proqramları ardıcıl icra olunur.

Türk Dövlətləri Təşkilatının ümumi hədəflərə yönəlmiş hərtərəfli əməkdaşlığı təşviq etməsi toplanmış qiymətli təcrübədən ölkələrimizin birgə faydalanmalarının və problemlərin həllində ortaq səyləri gücləndirmələrinin zəruriliyini ön plana çıxarır.

Bu baxımdan, Konqresdə dünyanın müxtəlif guşələrindən gəlmiş qabaqcıl mütəxəssislərin tibb elminin son yenilikləri əsasında birlikdə aparacaqları geniş diskussiya və ətraflı müzakirələrin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə qurumları qarşısında duran məsələlərin bir çox mühüm aspektlərini əhatə etməsi təqdirə layiqdir.

İnanıram ki, Konqresiniz elmi və praktiki əhəmiyyəti ilə mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi işinə öz töhfəsini verəcək, Türk dünyası ölkələri onkoloqlarının gələcək qarşılıqlı fəaliyyətinin başlıca prioritetlərini müəyyən edəcəkdir.

Ən xoş arzularla,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi