Bakı unikal dialoq və əməkdaşlıq məkanıdır
Qarabağ Zəfəriylə bitən 44 günlük Vətən müharibəsi 30 illik zülmə, işğala son qoydu. Bu Qələbə vaxtıilə üzərimizə düşən ləkəni təmizlədi, başımızı uca etdi. Bu gün dünyanın gözü qarşısında başqa bir Azərbaycan var: müstəqil, tam suveren, iqtisadi cəhətdən güclü. Respublikamız öz resurslarına söykənir, heç bir xarici maliyyələşdirməyə ehtiyacı yoxdur. İqtisadi imkanlar artdıqca isə sosial məsələlərin həllinə də zəmin yaranır, dünyada etibarlı tərəfdaş imicini qoruyub saxlayır. Ötən il uğurla başa çatan COP29-da dünyanın səksən dövlət və hökumət başçısının Bakıya gəlməsi də bunu bir daha təsdiqlədi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan təşkilatçılıq baxımından COP29-la daha bir uğur hekayəsi yazdı. Bu, həm də ölkəmizin təqdimatı baxımından da əhəmiyyətli idi. Belə ki, Azərbaycanla bağlı məqsədyönlü dezinformasiyalar bir çoxlarının fikirlərinə mənfi təsir göstərmişdi. Ölkəmizə səfər edən beyin mərkəzlərinin Bakı ilə əyani tanışlıqları onların fikirlərini kökündən dəyişdi. Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan-Pakistan biznes forumunda çıxışı zamanı söylədiyi fikirlər də böyük qürur doğurur. “Əziz qardaşım tərəfindən İslamabada göndərilmiş ekspertlər heyətini qeyd etməyə bilmərəm. Bildiyiniz kimi, İslamabad çox gözəl şəhərdir və dağ ətəyində yerləşir. Həmin ekspertlər orada gözəl işlər görürlər... Hesab edirəm ki, bu, İslamabadı daha da gözəlləşdirəcək. Əlbəttə, o, gözəllik baxımından Bakının bərabəri ola bilməz, ancaq ən azı onunla rəqabətə girməyə başlayacaq”.
Bəli, Bakı inkişaf edir, gündən-günə gözəlləşir. İndi şəhərin yeni Baş planı hazırlanıb. Şəhərdə genişmiqyaslı layihələrin icrası üçün beynəlxalq mütəxəssislər cəlb edilib.
Ötən ilin sonlarında Azərbaycan daha bir uğur qazandı. Belə ki, ölkəmiz daha bir nüfuzlu, 8 müsəlman ölkəsini birləşdirən D-8-ə üzv qəbul edildi. Türkiyənin təşəbbüsü ilə 30 il bundan əvvəl yaradılan təşkilata üzv olması Azərbaycanın nüfuzunu, beynəlxalq aləmdə rolunu göstərir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində quruma üzv müsəlman ölkələri ilə əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Türk dünyası ilə əməkdaşlıq da yüksək səviyyədədir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, dünya miqyasında ciddi güc mərkəzinə çevrilməsinə öz töhfəsini verir. Azərbaycan Prezidentinin böyük bir ailə adlandırdığı Türk dünyası geniş coğrafiyanı əhatə edir. O, böyük insan resurslarına, təbii sərvətlərə, nəqliyyat-kommunikasiya xətlərinə malikdir. Burada sarsılmaz bir birlik var. Türk dünyasından danışarkən Azərbaycan-Türkiyə münasibətlərini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev deyib: “...Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda Avropada...”
Etibarlı tərəfdaş... Bu gün dünyadakı gərginliklər fonunda ölkələr arasında qarşılıqlı, faydalı əməkdaşlığa ehtiyac duyulur və bu imici qazanmaq, onu qoruyub saxlamaq o qədər də asan deyil. Azərbaycan hazırda 12 ölkənin eneri təhlükəsizliyinə töhfə verir. Onların 10-u Avropa ölkəsidir. Məhz bu səbəbdən Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş, Pan-Avropa eneri təchizatçısı kimi tanıyır. Ancaq təəssüf ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər heç də birmənalı deyil. Söhbət Avropa Parlamentinin, Avropa İttifaqının ikili standartlara əsaslanan fəaliyyətindən gedir. Məsələyə “sadəcə ayıq başla yanaşmaq” lazım gəldiyini bəyan edən dövlət başçısı İlham Əliyevin dediyi kimi: “Yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab veriləcək”. Çünki “yetərincə böyük sal daşı tərpətmək” gücünə malik olan Azərbaycan heç kəsdən asılı olmayan, “böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkədir.
30 illik işğala son qoyan, Qarabağda əsrlərdən bəri kök salmış separatizmin kökünü kəsən Azərbaycan artıq dörd ildir ki, işğaldan azad edilmiş torpaqlarda qurur, yaradır, o yerlər cənnətə dönür, Böyük Qayıdış uğurla həyata keçirilir. İndi üçüncü missiya ilə üz-üzəyik. Söhbət Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışından gedir. Dövlət başçısının bu məsələ ilə bağlı mövqeyi qətidir: “Bunu hamı bilsin, həm Ermənistan, həm də onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.
Azərbaycan sülhün tərəfdarıdır. Öz gücünə güvənərək torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla sülh sazişi təklifini irəli sürən dövlətimiz qlobal nizamı olduqca düzgün qiymətləndirərək milli maraqlarımızla bağlı məsələlərdə heç kəsə, heç bir təsisata arxalanmayıb. Gələcəyini də özü qurur. Bu gün müstəmləkə zəncirləri altında boğulan dövlətlərə yardım edir, onların azadlıq uğrunda mübarizəsinə dəstək olur: “...hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir” deyən dövlət başçımız dünyada baş verən və sayı getdikcə artan münaqişələrin də məhz bu prizmadan həllinin tərəfdarıdır. Bu baxımdan ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər böyük əhəmiyyət kəsb edir. Rəsmi Bakı bütün problemlərin həllində yeganə çıxış yolunu dialoq, ünsiyyət, gələcək birgə yaşayışda görən ölkələr üçün öz hekayələrini, fikirlərini paylaşmaq baxımından unikal məkana çevrilib.
Nurəngiz Adilqızı.