Ermənistanda seçki öncəsi vəziyyət: Paşinyan üçün geri sayım başladı
Lider-media.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, hazırda Ermənistanda baş verənlər onu göstərir ki, ölkədəki vəziyyət, hakimiyyət dairələrinin təəssüratına görə qənaətbəxş kimi görünsə də, əslində xaosun dərinləşməsi müşahidə olunur.
“Bu, zamanın artıq hakimiyyətin xeyrinə deyil, əleyhinə işlədiyini göstərir. Məhz bu reallığı dərindən dərk edən müxalif qüvvələr cəmiyyətdəki hərc-mərcliyi bir növ norma kimi təqdim etməyə çalışır, paralel olaraq isə sabotaj və təxribatlarla məşğul olurlar.
Nikol Paşinyan və onun komandasına daxil olan Alen Simonyan kimi fiqurlar gələn il keçiriləcək seçkilərə hazırlıqlara start verildiyini artıq açıq şəkildə bəyan edirlər. Hazırda Paşinyanın müəyyən manevr imkanları qalır və bu resurslardan istifadə edərək mövqeyini möhkəmləndirməyə çalışır. Ermənistan mətbuatında da çağırışlar eşidilir ki, keçmiş hakimiyyətlərin – xüsusilə Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyan kimi fiqurların niyə azadlıqda olduqları sual altına alınır. Bu şəxslərə qarşı ciddi korrupsiya və qanunsuz fəaliyyət ittihamları olsa da, hələlik hüquqi məsuliyyətə cəlb olunmayıblar. Seçkilər yaxınlaşdıqca bu istiqamətdə represiyaların artacağı da istisna deyil.
Paşinyanın Azərbaycan və Türkiyə rəhbərlərinə Qurban Bayramı münasibətilə təbrik mesajları göndərməsi, onun elektoratına və siyasi rəqiblərinə dolayısı ilə barışın qaçılmaz olduğunu çatdırmaq cəhdidir. O, əslində bildirir ki, Ermənistan üçün sərt ritorikanı yumşaltmaqdan başqa yol qalmayıb.
Konstitusiya Məhkəməsinin son açıqlamaları – guya Azərbaycanın tələblərinin Ermənistanın hüquqi sənədlərində artıq əks olunduğu barədə xəbərlər – əslində manipulyasiyadır. Reallıq ondan ibarətdir ki, Ermənistan daxilində – xüsusilə diaspor strukturları və kilsə institutları vasitəsilə – Azərbaycan və Türkiyəyə qarşı nifrət ideologiyası hələ də fəal şəkildə təbliğ olunur. Bu isə barış və əməkdaşlıq ideyasını zərbə altına qoyur.
Əgər Nikol Paşinyan qarşıdan gələn seçkilərdə qalib gələrsə və bundan sonra Konstitusiyaya, habelə Müstəqillik Aktına real dəyişikliklər edərək ərazi iddialarını rəsmən aradan qaldırarsa, bu, onun sülhə sadiqliyinin sübutu ola bilər. Amma hələlik bu istiqamətdə ciddi addımlar müşahidə edilmir.
Bununla yanaşı, Ermənistan müxalifəti – xüsusilə Köçəryan və Sarkisyanın təsirində olan dairələr – Azərbaycanın irəli sürdüyü iki əsas tələb: Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasına düzəliş edilməsini milli təhlükəsizlik üçün təhdid kimi təqdim etməyə çalışırlar. Onlar ictimai narazılığı artırmaq və sabitliyi pozmaq üçün küçə yürüşləri və kütləvi etirazlar təşkil etməyə hazırlaşırlar.
Nikol Paşinyan isə bu cəhdlərə qarşı ehtiyatlı davranmalı və güzəştə getməməlidir. Hazırkı mərhələdə o, həm daxildə, həm də xarici tərəfdaşlar qarşısında mövqeyini qorumağa çalışır. Xüsusilə kilsə ilə münasibətlərin sərtləşməsi və ikinci Qareginin radikal mövqeyi Paşinyanın qarşısında yeni bir təhlükə mənbəyi kimi dayanır. Qaregin seçkili lider olmasa da, radikal qüvvələr üçün platforma yaratmağa çalışır.
Bütün bu faktorlara əsaslanaraq demək olar ki, Ermənistanda vəziyyət daha da mürəkkəbləşəcək və Paşinyanın atacağı hər bir səhv addım onun üçün ciddi siyasi məğlubiyyətlə nəticələnə bilər. Bu səbəbdən, o, ehtiyatlı və strateji addımlar atmağa məcburdur.”
Hədiyyə Aslan