5 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü”dür
Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
XIX əsrin sonlarından başlayan elmi”“texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar.
Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ekoloji məsələlərə dair müşavirələrin keçirilməsi, beynəlxalq ekologiya sərgilərinin təşkil olunması bu sahəyə göstərilən diqqətin real ifadəsidir. Azərbaycan planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması və bərpası məqsədilə 20-dən çox ekoloji konvensiyalara qoşulmuşdur.
5 iyun 1972”“ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.
Bu il də 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, o cümlədən bir sıra yerlərdə təmizlik abadlıq işləri aparılaraq ərazilər məişət tullantılarından təmizlənəcək.