lider-media.az

Deputat : “Hindistanın aqressiv ritorikası Azərbaycan-Türkiyə-Pakistan ittifaqına təsir edə bilməz”

Baxış: 10 Tarix: 4-06-2025, 22:30

 


Lider-media.az-a danışan Milli Məclisin deputatı Azay Quliyev Hindistanın son günlər Türkiyə və Azərbaycana qarşı sərgilədiyi aqressiv ritorika və çağırışlarla bağlı münasibət bildirib. O qeyd edib ki, Hindistanın iqtisadi baykot, turist səfərlərinin ləğvi, Azərbaycan neftinin alışının dayandırılması ilə bağlı çağırışları bölgədə gərginliyin artmasına səbəb olur.

“Əsas səbəb üçtərəfli dostluq münasibətləridir”

Deputat vurğulayıb ki, bu aqressiv davranışların əsas səbəbi Azərbaycanın və Türkiyənin Pakistanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini dəstəkləməsi və bu üç ölkə arasında mövcud olan qardaşlıq münasibətləridir.

“Bu kimi addımlar Azərbaycan–Türkiyə–Pakistan ittifaqına heç bir təsir göstərə bilməz. Bu birliyin gücü bir daha 28 may tarixində Laçında keçirilən üçtərəfli Zirvə görüşündə öz təsdiqini tapdı,” – deyə o bildirib.

“Hindistan Ermənistana silah yardımı ilə təhlükə yaradır”

Azay Quliyev həmçinin diqqətə çatdırıb ki, Hindistan 2020-ci ildən etibarən Ermənistanı silahlandırmağa başlayıb və bu ölkəyə 770 milyon ABŞ dolları dəyərində silah satışı həyata keçirir. Ermənistan Hindistanın “Akash” zenit-raket kompleksini alan ilk ölkə olacaq.

“Bu, birbaşa Azərbaycanın milli təhlükəsizliyinə yönəlmiş addımdır. Belə davranışlar Cənubi Qafqazda münaqişə riskini artırır. Ermənistanın təcavüzkar siyasətini dəstəkləyən hər bir ölkə bizim üçün Ermənistanla eyni səviyyədə qəbul olunur,” – deyə deputat bildirib.

“İqtisadi baykot çağırışları Hindistanın öz maraqlarına zərbə vurur”

Azay Quliyev qeyd edib ki, iqtisadi baykot çağırışları ilk növbədə Hindistanın özünə zərər vurur. O, konkret rəqəmlərlə müqayisə apararaq bildirib ki, 2023-cü ildə Hindistanın Türkiyə ilə ticarət dövriyyəsi 11,3 milyard dollar, Azərbaycanla isə 1,5 milyard dollar olub. Ermənistanla isə bu göstərici cəmi 350 milyon dollar təşkil edir.

Azərbaycan neftindən imtina çağırışlarına münasibət bildirən deputat vurğulayıb ki, Azərbaycan neftinə qlobal bazarda ciddi tələbat var və Hindistan bu alışdan imtina etsə, Avropa ölkələri, xüsusilə Almaniya, bu boşluğu məmnuniyyətlə dolduracaq.

Turizm məsələsinə də toxunan Azay Quliyev bildirib ki, Hind turistlərin yerini Çin turistləri asanlıqla tuta bilər: “Bu xüsusilə Azərbaycan və Çin arasında vizaların qarşılıqlı ləğvinin təsdiqlənməsindən sonra daha real görünür.”

“Hindistan Şimal-Cənub dəhlizi məsələsini də risk altına atır”

Sonda Azay Quliyev Hindistan–İran–Rusiya arasında imzalanmış Şimal-Cənub nəqliyyat dəhlizinə toxunaraq bildirib ki, bu layihənin mühüm hissəsi Azərbaycanın ərazisindən keçir. Deputat hesab edir ki, Hindistanın Azərbaycana qarşı davam edən aqressiv siyasəti bu dəhliz üzrə əməkdaşlıq imkanlarını sual altına sala bilər.
Hədiyyə Aslan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi