Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif dövlət qurumlarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirici tədbirlər keçirilir.
Belə ki, cari ilin 29 may tarixində Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecində həmin təhsil müəssisəsinin müəllim və tələbə heyəti üçün “Təhsil sahəsində baş verən korrupsiya hüquqpozmalarının xarakterik xüsusiyyətləri” mövzusunda təlim keçirilmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamillinin təlimçi qismində iştirak etdiyi tədbirdə dinləyicilərə korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin əhəmiyyəti, bu sahədə qabaqcıl beynəlxalq təcrübə, təhsil sahəsində korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlər tədris edilmişdir.
Qarşılıqlı müzakirələr formatında baş tutmuş təlimin sonunda dinləyicilər tərəfindən verilmiş suallar təlimçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.