İnsanların həyatı üçün mina və partlamamış döyüş sursatları təhlükəsi hələ də davam edir
Az
Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın təcavüzkar siyasəti təkcə işğaldan azad olunmuş əraziləri viran qoymaqla nəticələnməyib. Eyni zamanda bu ərazilərə dinc həyatın qayıtmasını gecikdirmək, bərpa-quruculuq işlərinə mane olmaq üçün ermənilər məqsədyönlü şəkildə həmin ərazilərə yüz minlərlə mina basdırıblar. İşğala son qoyulduqdan sonra isə minalanmış ərazilər bölgədə əsas təhlükə olaraq qalır. İşğaldan azad edilmiş bölgələrində minatəmizlənmə işləri sürətlə davam etdirilir. Ermənistan işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən üç ilə yaxın müddət ərzində 300-dən çox Azərbaycan vətəndaşının mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Sözügedən rəqəmlər işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı aydın təsəvvür yaradır. Ermənistanın təcavüzkar siyasətinin təzahürü olan minalar Azərbaycan vətəndaşlarının həyatını təhlükə altında qoyur. Bu gün həmin ərazilərdən işğalçılar qovulsalar da, həlak olan və ya yaralanan şəxslərin də başına gələnlərdə məhz Ermənistan dövləti məsuliyyət daşıyır. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağda yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. Minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.
1998-ci il iyulun 18-də Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə yaradılan ANAMA minatəmizləmə sahəsində əldə etdiyi 25 illik təcrübəsi ilə qlobal miqyasda aparıcı quruma çevrilib. Agentlik işğaldan azad edilmiş ərazilərin partlayıcı qurğulardan təmizlənməsi, bu ərazilərdə bərpa-quruculuq fəaliyyətinin təhlükəsiz icrası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması, eləcə də regionda sülh və əmin-amanlığın bərpası və davamlı inkişafına müsbət töhfəsini verir. Ötən 25 il ərzində ANAMA tərəfindən 900 mindən çox mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. ANAMA Qarabağ və Şərqi Zəngəzurda mina və partlayıcı qalıqlarının yaratdığı təhlükədən təmizləmək missiyasını qətiyyətlə davam etdirir.
Müharibədən zərər çəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Bu məqsədlə, kənd sakinləri, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır. Hazırda əzəli torpaqlarımızın minalardan təmizlənməsi bu ərazilərdə yeni həyatın tezliklə tam bərqərar olacağından xəbər verir.