Milli Qəhrəmanın doğum günüdür

Karlov Yevgeni Nikolayeviç
Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətə və rəşadətə görə verilən Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilmişdir. Bu adı daşıyan milli qəhrəmanlarımızın hər birinin ailəsi, ya vərəsəsi dövlətimizin daimi qayğısı ilə əhatə olunublar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına-Milli Qəhrəman adına layiq görülmüşlər. Milli Qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir. Azərbaycanı özünün tarixi Vətəni sayan hər bir xalqın övladı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyib. Terrorçu Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsinə dözməyib, minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşub. Qeyd etdiyimiz kimi, onların arasında kifayət qədər başqa xalqların qeyrətli övladları da olub ki, onlar işğalçı ordunun təcavüzünə qarşı əlində silah mübarizə aparıblar, şəhidlik zirvəsinə yüksəliblər. Bu gün Azərbaycanın Milli qəhrəmanları arasında 10-dan çox qeyri-azərbaycanlı, hətta Azərbaycanda doğulmayanlar da var.Belə ki, qəlbi, nəbzi Azərbaycanla döyünən hər bir insan təcavüzkar Ermənistanın işğalçı siyasətilə barışmayıb və dost, qardaş harayına yetişib. Birinci Qarabağ savaşında olduğu kimi, İkinci Vətən müharibəsində də Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə atdılar. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri Vətənimizin bütövlüyü uğrunda öz şücaətlərini nümayiş etdirərək, canlarını qurban verdilər.
Yad bir məmləkətin torpaqları uğrunda şəhadətə qovuşan, rusiyalı təyyarəçi, Azərbaycanımız üçün şəhid olan Yevgeni Karlov kimi. Sözsüz ki, Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda şəhid olan cəsur, qorxmaz vətən övladları arasında qeyri-azərbaycanlıların da olması onların ölkəmizə qəlbən bağlı olmasının təzahürüdür. Karlov Yevgeni Nikolayeviç1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır. Ailəli idi. İki övladı vardı.
Yevgeni ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının, harayımıza yetən bütün qardaş ölkələrin nümayəndələrinin xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.