Tramp Administrasiyasının Mesajı: ABŞ-Azərbaycan Münasibətlərində Yeni Səhifə
Lider-media.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edilən məqamlar və ardınca ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deynsin Bakıya səfəri, rəsmi Vaşinqtonun Azərbaycan və ümumilikdə regiona olan marağının göstəricisidir.
Ekspertin qənaətinə görə, Tramp administrasiyası Bayden dönəmində zəifləyən ABŞ-Azərbaycan münasibətlərini bərpa etməkdə və bu əlaqələrə yeni nəfəs verməkdə maraqlıdır. Bu da tarixi kontekstdə tamamilə təbiidir. Azərbaycanla ABŞ arasında uzun illərdir ki, strateji əməkdaşlıq qurulub. Bakı, qlobal təhlükəsizlik proseslərində mühüm rol oynamış və ABŞ-ın beynəlxalq təşəbbüslərində fəal iştirak etmişdir. Xüsusilə 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasındakı rolumuz və sülhməramlı missiyalarda yer almış fəaliyyətimiz bu əməkdaşlığın konkret nümunələridir.
Bağırzadənin fikrincə, ABŞ-ın Cənubi Qafqaz regionuna olan maraqları, həm də bu regionun enerji və geosiyasi baxımdan əhəmiyyətindən qaynaqlanır. Azərbaycanın regionda etibarlı tərəfdaş statusu, xüsusilə 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər və bunun nəticəsində yaranan yeni siyasi-iqtisadi reallıqlar, Vaşinqtonla Bakı arasında münasibətlərin yeni mərhələyə keçməsini aktuallaşdırır.
Politoloq qeyd edir ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və regionda təhlükəsizlik mühitinin formalaşdırılması təkcə yerli deyil, həm də qlobal miqyasda iqtisadi inkişaf perspektivləri açır. Bu da, təbii olaraq, ABŞ-Azərbaycan münasibətlərinə, xüsusilə enerji sahəsində əməkdaşlığa yeni dinamika qazandıra bilər.
Yusif Bağırzadə hesab edir ki, Azərbaycanın Avrasiya qovşağında yerləşməsi və beynəlxalq əməkdaşlığın inkişafında oynadığı açar rol, ölkəmizə olan marağı daha da artırır. Bu kontekstdə ABŞ-la ikitərəfli münasibətlərin inkişafı Azərbaycanın da marağındadır. Vaşinqton bu istiqamətdə konkret və praktiki addımlar ata bilər.
Sonda Bağırzadə vurğulayır ki, Trampın təbriki və Deynsin səfəri iki ölkə arasında diplomatik münasibətlərin dərinləşməsi baxımından əlamətdar hadisədir. Bu cür təmaslar, perspektivdə ABŞ-Azərbaycan əməkdaşlığının yeni imkanlar fonunda inkişaf etməsinə ciddi təkan verəcəkdir.
Hədiyyə Aslan