lider-media.az

Müstəqilliyimiz, suverenliyimiz qürurumuzdur

Baxış: 8 Tarix: 28-05-2025, 07:03

 Müstəqillik, öz taleyinə sahib olmaq, öz dövlətini yaratmaq və inkişaf etdirmək hər bir xalq üçün böyük nailiyyətdir. Dövlət üçün müstəqillikdən, vətəndaş üçün azadlıqdan üstün heç nə yoxdur. Azərbaycan xalqı azad, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.

 1918-ci il mayın 28-də Azərbaycanın vətənsevər övladları Şərqdə ilk demokratik respublika yarandığını bütün dünyaya elan etdilər. Bu parlamentli dövlətin atributları - bayrağı, himni, gerbi qəbul edildi.  Lakin təəssüflər olsun ki, həmin dövrdə müstəqil dövlətimiz xarici və daxili düşmənlərin təzyiqinə tab gətirmədi. Öz ülvi arzu və məqsədlərinin böyük hissəsini həyata keçirə bilməyən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra süquta uğradı.

Ötən əsrin əvvəllərində Azərbaycanda müstəqil demokratik dövlətin qurulması müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi və milli dövlətçilik ənənələrinin yaranmasına səbəb oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxdı. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi,  ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, ədliyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı. Uzun zaman hürriyyət arzusu ilə yaşamış, onun uğrunda böyük qurbanlar vermiş Azərbaycan xalqı nəhayət, XX əsrin 90-cı illərinin əvvəllərində öz müstəqilliyini  bərpa etdi.

1991-ci ildə bərpa etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi dövlət kimi yenidən mövcudluğunu bəyan etdi. Dövlət müstəqilliyimiz tanındı və qəbul edildi. 

Ancaq müstəqilliyi əldə etmək nə qədər şərəflidirsə, onu qoruyub saxlamaq qat-qat çətin və məsuliyyətlidir. Azərbaycan rəsmən suveren dövlət elan olunsa da, 1993-cü ilin iyun ayına qədər onun əbədiliyinə təminat yox idi. Başımıza gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, səriştəsiz rəhbərlər, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, şəhid məzarlarının günbəgün artması, 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi tariximizin acı ibrət dərsləridir. Yalnız Heydər Əliyev müdrikliyi bizi bu bəlalardan xilas etdi. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

 Ümummilli lider Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ümummilli liderimiz ölkə rəhbərliyinə qayıdışı ilə qısa zamanda müstəqilliyimizi daha da möhkəmləndirdi və ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Böyük siyasi xadim Heydər Əliyevin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu.

Əsl müstəqillik ölkənin öz sərvətlərinin tam sahibi olmasıdır. Əlbəttə, bu, müstəqilliyin vacib zəruri amilidir. 20 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq dünya qarşısında təbii sərvətlərinin mütləq sahibi olduğunu bir daha sübut etdi. Beləliklə, müstəqilliyimizin iqtisadi əsası qoyuldu. İnkişafa doğru çox uğurlu addımlar atıldı. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur.

Qısa müddət ərzində Azərbaycanın müstəqilliyinin qarantı olan güclü, qüdrətli Silahlı Qüvvələr yaradıldı. Ulu öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.

   

Ulu öndər zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma Vətənə tükənməz sevgisi ilə Azərbaycanı daha da inkişaf etdirərək, zirvələrə ucaltdı. Bu illərdə dünyanın aparıcı dövlətləri ilə sıx münasibətlər quruldu, ölkəmiz bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu. "Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir", - deyən ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Davamlı yüksəliş yolu ilə gedən müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan qurdu, Prezident İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən amillərin bir-biri ilə sıx bağlılığının məntiqi nəticəsi oldu. Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Prezident İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısı 2023-cü ildə ümummilli liderin anadan olmasının 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində böyük qürur hissi ilə bildirdi ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının arzusunu çin etdik.

44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etdi. Erməni vəhşiliyinin qurbanına çevrilmiş torpaqlarımızda yeni şəhərlərimizin, kəndlərimizin müasir, innovativ şəkildə qurulması, bir daha qazandığımız Zəfərin böyüklüyünü ehtiva edir. Düşmənin 30 ildə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən misli görünməmiş quruculuq işləri Azərbaycanın qüdrətinin göstəricisidir.

Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik  ölkələr sırasında yer tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurlu tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəklikləridir.

Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiq etdiyi "Müstəqillik Günü haqqında" Qanuna əsasən mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunurdu.

Bəli, müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq ən böyük xoşbəxtlikdir. Müstəqilliyimiz, suverenliyimiz qürurumuzdur.  Bu gün hər bir azərbaycanlı bu hiss ilə yaşayır.

Nurəngiz Adilqızı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi