Şuşada “Xarıbülbül” Festivalının açılış mərasimi
Bu gün Şuşa yenidən dirçəlir. Küçələrində musiqi səslənir, festivallar keçirilir, tarixi binalar bərpa olunur. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı kimi tədbirlər şəhərin ruhuna yenidən can verir. Festivalın coşqusu qonaqların baxışlarında, təbəssümlərində hiss olunur. Onlar bu sevinci və xoş təəssüratlarını bölüşüblər.
"Düşünürəm ki, hamı bu gözəl festivaldan razı qaldı. İstərdim ki, xaricdən daha çox insan, tanınmış simalar buraya gəlsinlər, Şuşa ilə tanış olsunlar və görsünlər ki, bura necə bir behiştdir", - deyə F.Bədəlbəyli vurğulayıb. Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı və tapşırığı ilə bu möhtəşəm festival keçirilir və o, bundan çox xoşbəxtdir. Polad Bülbüloğlu Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Şuşada, Cıdır düzündə keçirilən festivalda “Sevgili Canan” romansını ifa etdiyini bildirərək deyib: "Mən indi elə hiss edirəm ki, Bülbülün, Üzeyir Hacıbəylinin və digər böyük sənətkarlarımızın ruhları şad olmalıdır. Onların ruhu 30 il narahat qaldı. Artıq sevinirlər ki, “Xarıbülbül” Festivalı yaşayır və bundan sonra da yaşayacaq”.
Festivalın birinci günü axşam saatlarında isə Şuşanın digər gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında “Üzeyir bəy belə deyərdi...” adlı teatr tamaşası nümayiş olunacaq. Tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb. Qeyd edək ki, mayın 25-də - festivalın ikinci günü Cıdır düzündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun konserti olacaq. Orkestrə Murtuza Bülbül dirijorluq edəcək. Həmin gün Cıdır düzündə Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert də təqdim olunacaq. Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.