lider-media.az

Etibarlı tərəfdaş kimi Azərbaycanın nüfuzu yüksəlir

Baxış: 8 Tarix: 24-05-2025, 17:03

     Azərbaycanın  daxili və xarici siyasətində prinsipial, qətiyyətli yanaşmaları ölkənin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa yönəlib. Qarabağ Zəfəri  bu qətiyyətin bariz nümunəsidir. Güclü xarici siyasət və strateji müttəfiqlik əlaqələri, xüsusilə regional və beynəlxalq arenada Azərbaycanın nüfuzunu yüksəldib. Həmçinin iqtisadiyyatın gücləndirilməsi, enerji  layihələri və təbii resurslardan səmərəli istifadəsi ilə bağlı strateji addımlar ölkənin dünya düzənində daha möhkəm mövqe tutmasına səbəb olub.

        Prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin  Avropa ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb, Azərbaycanı qitənin enerji təminatçısına çevirmək məqsədilə bir çox strateji layihələri həyata keçirilib ki, bunlardan TANAP və TAP  xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan bir çox ölkələr, o cümlədən Qərb dövlətləri ilə strateji müttəfiqlik əlaqələri qurub. Eyni zamanda, beynəlxalq təşkilatlarla da əlaqələri möhkəmlənib.

      Mayın 16-da Prezident  İlham Əliyev  Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) VI Zirvə toplantısında iştirak edib. Avropanın müxtəlif ölkələrindən liderləri bir araya gətirərək, qitənin gələcəyi və əməkdaşlıq perspektivləri müzakirə edilən tədbirdə dövlət başçımızın iştirakı qlobal siyasi gündəmin formalaşması kontekstində əlamətdar hadisədir. Sammitdə Azərbaycan Prezidentinin Avropa liderləri ilə görüşü öz mövqeyini açıq ifadə etməsi ölkəmizin nə qədər müstəqil və öz maraqlarını qoruyan bir dövlət olduğunu göstərir. Respublikamızın enerji təhlükəsizliyindəki rolu, nəqliyyat dəhlizlərində strateji mövqeyi və diplomatik balansı qoruma bacarığı onu Avropa üçün etibarlı tərəfdaşa çevirib.  Tirana sammitinə dövlət başçımızın dəvət olunması Azərbaycanın növbəti diplomatik uğurudur. Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin VI Zirvə toplantısında iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və söz sahibi olduğunu təsdiqləyir.

     "Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması mövzuları müzakirə olunub. Sammit təsdiq etdi ki, Avropa İttifaqı institutları ilə ötən dövrlərə rəğmən Azərbaycanın xarici siyasəti strateji əməkdaşlıq modelini yenidən qurmağa və Avropa ilə qarşılıqlı maraqlara və geosiyasi reallığa əsaslanan tərəfdaşlıq təklif etməyə nail olub. Belə ki, yaxın keçmişdə ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərdə müşahidə olunan gərginlik təbii ki, ciddi narahatlıq doğururdu. Bu bir sıra amillərlə, xüsusən də bəzi Avropa qurumlarının yüksək vəzifəli nümayəndələrinin ifrat qərəzli və obyektivlikdən uzaq bəyanatları ilə əlaqədar yaranmışdı. Prezident İlham Əliyevin ardıcıl və prinsipial xətti, qətiyyətli siyasəti bu faktorların aradan qalxmasına səbəb oldu. Onun strategiyasının əsas sütunlarından biri o formatlardan imtina idi ki, orada dialoq yerini diktəyə, əməkdaşlıq isə siyasi təzyiqə vermişdi. Məhz bu yanaşma yeni platforma yaratdı - burada balans və qarşılıqlı hörmət tərəfdaşlığın müəyyənedici elementlərinə çevrildi.

     Tirana səfəri çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını nümayiş etdirdi. Bu isə onu göstərir ki, Azərbaycan yalnız böyük güclərlə deyil, həm də regional və kiçik ölkələrlə də münasibətləri inkişaf etdirir, bu da ölkənin çoxvektorlu siyasətinin tərkib hissəsidir.

     Zirvə toplantısında ölkə başçımız Azərbaycanın enerji sahəsindəki strateji tərəfdaşlığını vurğulayaraq, 2027-ci ilə qədər Avropaya qaz tədarükünün iki dəfə artırılacağının planlaşdırıldığını qeyd edib. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edən Azərbaycan bu rəqəmi 13 milyard kubmetrə çatdırmağı hədəfləyir. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür.

     Tədbir zamanı, həmçinin, Azərbaycanın enerji  layihələri və regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azerbaycanın, Cənubi Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarükünü artırmaq üçün infrastruktur layihələrini dəstəklədiyi vurğulanıb . Prezident İlham Əliyev Albaniya ilə Azərbaycan arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. Bu çərçivədə Albaniyanın qazlaşdırılması layihəsi üzrə pilot layihələrin seçildiyi və ilin sonuna qədər müvafiq tədqiqatların tamamlanacağı bildirilib. Növbəti mərhələdə Albaniyada qaz paylama şəbəkəsinin qurulması üçün Azərbaycan sərmayələrinin yatırılmasının planlaşdırıldığı da diqqətə çatdırılıb. Bundan əlavə, Azərbaycan və Albaniya arasında diplomatik əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə, hər iki ölkədə səfirliklərin açılması qərara alınıb. Bu addım ölkələr arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın inkişafına xidmət edəcək .

     Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı da uğurlu xarici siyasətin bariz nümunəsidir. Dövlət başçımızın Macarıstana işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata verdiyi birgə bəyanatda da münasibətlərin yüksələn xətlə inkişafından bəhs olunub.

     Macarıstan Avropa ilə türk dünyası arasında körpü qurmağa çalışır. Bu isə Macarıstanın təkcə Azərbaycanla deyil, bütün türk dövlətləri ilə əlaqələrini gücləndirəcək.  Hazırda Azərbaycan və Macarıstan arasında iqtisadi-ticariəlaqələr genişlənməkdədir. Enerji sektoru bu əməkdaşlığın əsas sütunudur. Macarıstan Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını dəstəkləyir.2023-cü ildə Azərbaycan qazının Macarıstana ixracına dair razılaşmalar  enerji təhlükəsizliyi sahəsində mühüm addım oldu. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz-“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”  layihələrində pay sahibidir. Bu uğurlu əməkdaşlığın nəticəsi olaraq ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlanılıb. Ölkə başçısı da qeyd edib ki, Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Azərbaycanın Pan-Avropa qaz təchizatçısı   etibarlı tərəfdaş kimi dəyərləndirlməsi heç də təsadüfi deyil. Ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycanla Macarıstan arasında yaşıl enerji üzrə fəal işlər həyata keçirilir. Ölkələrimizin eyni zamanda kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları və nəqliyyat sahələrində də geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyası bu istiqamətdə mühüm koordinasiya rolunu oynayır. Azərbaycanın  Orta Dəhliz platforması ölkə iqtisadiyyatının gücləndirilməsi və şaxələndirilməsi üçün yeni imkanlar yaradır. Qara dənizin altından keçəcək yeni enerji kabeli layihəsi həm Macarıstanın enerji idxalına töhfə verəcək, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə səbəb olacaq. 

     Bir sözlə, Azərbaycanın Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin VI Zirvə toplantısında və Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki  iştirakı ölkənin Avropa ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirmək və regional təhlükəsizlik məsələlərində aktiv rol oynamaq niyyətini  nümayiş etdirdi.


Nurəngiz Adilqızı.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi